Aİ və BMTİP peşə təhsili səviyyəsində karyera mərkəzlərinin qurulmasına dəstək olur

21 June 2022


 

Bakı, 20 iyun 2022-ci il   Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı üçün tədbir keçirilib.

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Peşə Təhsili üzrə Dövlət Agentliyi birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutan ikigünlük tədbirin məqsədi hazırda fəaliyyət göstərən karyera mərkəzləri mütəxəssislərinin bilik və bacarıqlarını artırmaq və ümumi olaraq potensialının gücləndirilməsidir.

Tədbirdə əlaqədar təşkilatçı tərəflər, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri və Azərbaycan Respublikası Psixologiya Elmi-Tədqiqat İnstitutunun eksperti iştirak edib. İki gün davam edən tədbirdə peşə təhsilində davamlı karyera xidmətlərinin təmini üçün təhsil psixologiyası, valideynlərlə iş, psixometrik testlər və onların peşə seçimində tətbiqi kimi mövzular müzakirə edilib.

Qeyd edilməlidir ki, bu fəaliyyətlər sözügedən layihə tərəfindən ölkədə ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə hazırlanan Karyera Mərkəzlərinin İnkişaf Strategiyasına əsaslanır. Avropa Təlim Fondu tərəfindən də nəzərdən keçirilən sənəd beynəlxalq təcrübəyə istinad edir.

Strategiya dünyanın qabaqcıl ölkələrində mövcud olan karyeraya dəstək xidmətlərinin aparılmasına dair əsas mövzuları əhatə edir. Strategiyada peşəyönümü işinin təşkili, peşə təhsilinin təşviqatı, tələbələr və valideynlərlə maarifləndirici işin aparılması, insanın maraq və qabiliyyətini müəyyənləşdirməyə kömək edən psixometrik testlərin istifadəsi, peşə təhsilində ilk məzunlar birliyinin təsis və idarəedilməsi, peşə təhsil müəssisələri və işəgötürənlər arasında əməkdaşlıq qurulmasının əsasları, şəbəkələşmə və digər mühüm istiqamətlər, o cümlədən müvafiq icra mexanizmləri izah edilir.

Bu sənəd əsasında çalışacaq olan karyera mərkəzləri peşə təhsili tələbələrini daimi olaraq ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə məlumatlandıracaq, eyni zamanda onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olacaqdır.

Mərkəzlərdə çalışacaq olan karyera ekspertləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlarla əlaqədar olaraq xidmət göstərəcək.

***

Karyera mərkəzlərinin qurulması üzrə fəaliyyətlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

 

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

 

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

 

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.