Peşə təhsilində sahibkarlıq yanaşması tətbiq edilir

17 October 2023

Bakı, 17 oktyabr 2023-cü il   Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə peşə təhsil müəssisələrinin (PTM) idarəetmə və pedaqoji heyətləri üçün sahibkarlıq proqramı üzrə növbəti təlimlər həyata keçirilib. 

“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutan iki günlük onlayn proqramda 20 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri, habelə sahibkarlıq modulunu tədris edən müəllimlər və təşkilatçı tərəflərin nümayəndələri olmaqla 60 nəfər iştirak edib. 

Sahibkarlıq düşüncəsi və praktiki biznes bacarıqları üzrə təlim proqramının məqsədi peşə təhsilində sahibkarlıq yanaşmasının artırılması və müvafiq biznes üsullarının daha geniş tətbiqidir. Sözügedən proqram peşə təhsili müəssisələrinə innovativ təşəbbüslərinin dəstəklənməsi üçün rəqabətcil maliyyələşmə mexanizmlərinin tətbiqinə kömək fəaliyyətləri sırasında həyata keçirilir. 

Təlim proqramı sahibkarlıq üzrə 20 ildən artıq təcrübəyə malik beynəlxalq ekspert Dr. Şahid Qureşi tərəfindən aparılıb. Proqram sahibkar düşüncəsinin formalaşdırılması, əldə olan resursların dəyərləndirilməsi və praktiki həll yollarının planlaşdırılması kimi sahənin təməl mövzularını əhatə edib. Həmçinin, təlimlərdə məhdud büdcə ilə biznesə başlamaq, startup yanaşması da müzakirə edilib və bir sıra uğurlu sahibkarlıq nümunələri paylaşılıb. Proqramı müvəffəqiyyətlə tamamlayan şəxslər sertifikatla təltif olunub. 

Qeyd olunmalıdır ki, sahibkarlığın təşviqi istiqamətində layihə çərçivəsində çoxsaylı PTM-lərin pedaqoji və idarə heyətləri, eləcə də layihənin təşkil etdiyi inklüziv kurs məzunları olmaqla müxtəlif hədəf qrupları üçün bugünə qədər 12-dən çox təlim təşkil edilib. Ümumilikdə, layihə çərçivəsində bu istiqamətdəki təlimlərdən 200-ə yaxın iştirakçı faydalanıb. 

Təlimlərin davamı olaraq, peşə təhsil müəssisələrinin innovativ ideyalarının tələb olunduğu və sözügedən təlimlərdə qazanılan bilgilərin praktiki olaraq tətbiqinə imkan verən müsabiqə keçiriləcək. Müsabiqə nəticəsində seçilmiş 10 peşə təhsil müəssisəsinə yenilikçi təşəbbüslərinin dəstəklənməsi üçün material və avadanlıq dəstəyi ediləcək. 

***

Peşə təhsilində sahibkarlığın təşviqinə dəstək proqramı, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

 

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisi, Layihənin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org