Alessandra Rokkasalvo: Dayanıqlı İnkişafa dair II Bakı Forumu bütün regionun tərəqqisinə töhfə verəcək

16 November 2023

 

Bakı, 16 noyabr 2023 - Daha dayanıqlı gələcək naminə innovativ strategiyaların və maliyyə mənbələrinin araşdırılması məqsədilə dünyanın hər yerindən olan liderləri, ekspertləri və maraqlı tərəfləri bir araya gətirmiş Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçirilib. 

Forumda Azərbaycanda dayanıqlı investisiya imkanları haqqında dəyərli fikirləri əks etdirən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İnvestisiya Xəritəsi və İnvestisiya Ekosisteminin Tədqiqatı təqdim edilib. Müvafiq sahə ekspertlərinin moderatorluğu ilə keçən müzakirələr maliyyə əsaslarının yenidən formalaşdırılması, DİM-lər üçün sərmayənin cəlb edilməsi, rəqabətədavamlı iqtisadiyyat üçün rəqəmsallaşma, təsirlərin hesablanması və idarə olunması, iqlim və biomüxtəliflik üzrə maliyyə kimi mövzular ətrafında cərəyan edib.

Forumda iştirak edən ölkələrin nazirlik nümayəndələrinin iştirakı ilə panel sessiyaları təşkil edilib, qlobal miqyasda dayanıqlı inkişaf naminə kollektiv öhdəlik ifadə edilib.

Sarsılmaz dəstəyə, əməkdaşlığa və mühüm müzakirələrə verdikləri töhfəyə görə Azərbaycan hökumətinə, BMT-nin Özəl Sektorun İnkişafı üzrə İstanbul Beynəlxalq Mərkəzinə (ICPSD), eləcə də bütün iştirakçılara və hörmətli məruzəçilərə təşəkkürünü bildirən BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo qeyd etdi ki, Forum zamanı səsləndirilən fikirlər və möhkəmlənən tərəfdaşlıq Azərbaycanda və onun hüdudlarından kənarda dayanıqlı və inklüziv inkişaf kursunun müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

“Bu iki gün ərzində daha da genişlənmiş əməkdaşlığımız insanların rifahı, planetimizin qorunması və bütün regionun tərəqqisinə töhfə verəcək böyük layihələr həyata keçirilməsinə xidmət edəcək”, - deyə o, sözlərinə əlavə edib.

Media əlaqə: 

Ceyhun Ələkbərov, BMTİP Azərbaycan

jeyhun.alakbarov@undp.org