Azərbaycanın ilk qadın minatəmizləyici qrupları rəsmi akkreditasiyadan keçib

29 November 2023

Bakı, 28 noyabr 2023-cü il - 18 qadın minatəmizləyiciyə Bakıda keçirilən bağlanış mərasimində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Avropa İttifaqı, BMTİP nümayəndələri və digər rəsmi şəxslərin iştirakı ilə akkreditasiya sertifikatları təqdim edilib. Qadın minatəmizləyicilərin uğurla başa vurduğu altı həftəlik təlimlər beynəlxalq minatəmizləmə standartları əsasında təşkil edilib. Bu akkreditasiya qadınlardan ibarət qruplara ərazidə minatəmizləmə əməliyyatlarında iştirak etmək imkanı verir.

Qeyri-hökümət təşkilatı olan Mina Məsləhət Qrupunun (MAG) beynəlxalq ekspertləri tərəfindən keçilən nəzəri və praktiki təlimlər vasitəsilə qadın minatəmizləyici qruplar minaların və partlamamış hərbi sursatların təsbit edilərək aşkarlanması və işarələnməsi üçün əsas biliklərə, zəruri bacarıqlara, tələb olunan davranış və ilk yardımın göstərilməsi qaydalarına yiyələnib.

24 nəfərdən ibarət 2 minalardan təmizləmə qrupu, o cümlədən 18 minatəmizləyici, 2 səhiyyə işçisi, 2 qrup rəhbəri və 2 qrup rəhbəri müavini akkreditasiyadan keçib. Eyni zamanda, Layihə çərçivəsində 12 xüsusi minatəmizləyici siçovul və 8 minatəmizləyici it təlim keçib. 

Açılış nitqi ilə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov təlimlərdən uğurla keçmiş iştirakçıları təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Öz növbəsində, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko qeyd edib ki, bu təşəbbüs Aİ dəyərlərini təbliğ edir, qadınlar və kişilərin bərabər imkanlardan və biliklərdən yararlanmalı olduğunu göstərir: “Mən fəxrlə bildirirəm ki, Avropa İttifaqı ölkədə ilk qadın minatəmizləmə komandasının yaradılmasında aparıcı rol oynayıb”, - deyə cənab səfir nitqini tamamlayıb. 

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo bildirib ki, humanitar minatəmizləmə BMT İnkişaf Proqramının ölkədəki səylərinin mühüm hissəsidir və təşkilatın hökumətlə birgə üzərində çalışdığı əsas prioritetlərdəndir: “Qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətə cəlb edilməsi xüsusilə vacibdir və dayanıqlı inkişaf məqsədlərinə böyük töhfə verəcəkdir”.

İlk qadın minatəmizləyici qruplar üçün təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsilayihəsi çərçivəsində təşkil edilib. Layihənin məqsədi Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarını dəstəkləmək və mina təhlükəsi ilə mübarizədə gender bərabərliyinin vacibliyinə diqqəti cəlb etməkdir.