Aynur Qəhrəmanova - yeni bacarıqların yaratdığı özgüvən hekayəsi

18 January 2023

Aynur Qəhrəmanova Tərtər şəhərində yaşayır və aztəminatlı ailədə 2 övladını böyüdür.

Övladlarının təhsilinə dəstək olmaq, ailənin ehtiyaclarını qarşılamaq üçün iş imkanlarının axtarışına çıxır. Lakin Aynur xanım bunun üçün lazımi bacarıqları haradan qazanacağını bilmir.

Tərtərdə açılan Qadın Resurs Mərkəzi haqqında QRM üzvlərindən eşidən xanım böyük ümidlərlə buraya müraciət edir. Mərkəz üzvlüyünün ona bir çox faydalı məlumata və fürsətlərə yol açağını barədə öyrənən qəhrəmanımız 2022-ci ilin yazında keçirilən kompüter təlimlərinə yazılmağa qərar verir.

Təlimləri uğurla başa vuran, ofis proqramlarını yetərincə mənimsəyən Aynur xanım artıq daha özgüvənli şəkildə iş axtarışını davam etdirir. Bir müddət sonra isə nəhayət ki, gözlədiyi xəbəri alır: o, işə qəbul olunur!

Tərtərdə yerləşən “Ucuzluq” mağazasında satıcı kimi işə düzələn Aynur xanım təlimlərdə iştirakın və bu cür layihədə iştirak etməyin onun buraya qəbul olunmasında əvəzsiz rolu olduğunu sevinc hissilə bizimlə paylaşır.

“Mən Qadın Resurs Mərkəzinın çox faydasını gördüm. Ən əsası isə bu Mərkəzə üzv olandan sonra özümə iş tapa bildim! Siz də üzv olun və buranın xidmətlərindən istifadə edin”.