Şəhla Əliyeva: "Həyatınızı qurmaq istəyirsinizsə, bir yerdən başlayın".

18 January 2023

 

Şəhla Əliyeva 56 yaşındadır və bir övladı var. Orta təhsilli olan Şəhla xanım işləmədiyi üçün bir müddət ancaq sosial yardım alıb. Yardım dayandırıldıqda isə qohumları və qonşuları onun dadına çatıb. Lakin bu dəstəyin sonsuza qədər olmayacağını başa düşən qəhrəmanımız yeni imkanların axtarışına çıxır.

Qonşusu Şəhla xanıma Tərtər Qadın Resurs Mərkəzi haqqında danışanda və QRM-in elan bukletini təqdim edəndə, o, əvvəlcə inana bilmir ki, rayonda belə bir yer var. Xidmətlərin ödənişsiz olduğunu eşidəndə o başa düşür ki, bir ümid yeri ola bilər.

O, bütün şübhələrini kənara qoymağa qərar verir və üzvlük üçün Mərkəzə müraciət edir. QRM-in təqdim etdiyi kommunikasiya və təbliğat təlimlərinə qoşulan Şəhla xanım iştirakını müvəffəqiyyətlə başa vurur.

Ünsiyyət bacarıqlarını daha da yaxşılaşdıran və yeni biliklərə yiyələnən Şəhla xanım təlimlərdən çox qısa müddət sonra işə qəbul olunur. Ünsiyyət və təbliğat təlimlərində qazandığı bilikləri işə müraciət edərkən istifadə edən Şəhla xanım “Maks market” mağazasına xadimə kimi işə qəbul olunur. Onun sonda qadınlara məsləhəti də var:

"Xanımlarımızı Qadın Resurs Mərkəzinə üzv olmağa çağırıram. Evdə oturmayın. Həyatınızı qurmaq istəyirsinizsə, bir yerdən başlayın".