Avropa İttifaqı və BMTİP-nin dəstəyi ilə “Bir Peşənin Sirri” Festivalı keçirilib
12 iyun 2023
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı Bulvarda ictimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı təşkil olunub.
Festival öz işinə rəsmilərin çıxışı ilə başlayıb. Çıxışlar zamanı peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açılıb.
Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsili müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması və “STEAM Azerbaijan” layihəsi çərçivəsində əyləncəli oyunlar və viktorinalar keçirilib, qaliblər mükafatlandırılıb.
Festivalın keçirilməsində əsas məqsəd peşə təhsili haqda məlumatlılığı artırmaq, gənclərin, valideynlərin və digər maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təşviq etməkdir.
İkinci dəfə keçirilən “Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verib. Festivalın tərəfdaşı Dənizkənarı Bulvar İdarəsi, media tərəfdaşı isə "Azərbaycan televiziya və radio verilişləri" qapalı səhmdar cəmiyyəti olub.
***
Peşə təhsilinin təşviqatına dəstək fəaliyyətləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisi, Layihənin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.