"STEM heç də düşünülən qədər çətin deyil"

13 June 2022

BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi "Qadınlar STEM-də" layihəsinin Mentoru Safura İsayeva, menteeləri Aysun Səfərli və Zibeydə Alagözovanın uğur hekayəsi

İsayeva Safura “Qadınlar STEM-də” layihəsinin mentorudur.

Sistemlərin təhlili üzrə mütəxəssis olan Safura xanım hal-hazırda aparıcı sığorta şirkətlərinin birində çalışır. O, bakalavr təhsilini Moskva Dövlət Universitetinin Bakı filialında, ilk magistratura təhsilini isə Bakı Dövlət Universitetində alıb. Qabaqcıl banklarda məlumat bazasının idarəedilməsi, hesabatlılıq üzrə mütəxəssis, İT layihələrinin idarəolunması sahəsində çalışan Safura xanım daha sonra Almaniyanin Saarland Universitetində təhsilini davam etdirərək kompüter elmləri üzrə magistr dərəcəsinə yiyələnib.

Savadlı qadınların cəmiyyətin inkişafındakı rolunu xüsusi qeyd edən Safura xanım deyir: “Erkən yaşlarda məruz qaldıqları gender stereotipləri qızların STEM sahəsinə tərəddüdlə yanaşmasına səbəb olur. “Qadınlar STEM-də” mentorluq proqramında bu sahəyə maraqlı olan gənc qızları görmək məni çox sevindirir. Bu qızlarımıza STEM sahələrində çəkinmədən irəliləmək, özlərini inkişaf etdirməyə kömək edə bilmək mənim üçün böyük xoşbəxtlikdir”.

Proqram müddətində eyni anda 2 mentee ilə çalışan Safura xanım Zibeydə və Aysun haqqında suallarımızı həvəslə cavablandıraraq, onların hər birinə fərdi yanaşma tətbiq etdiyindən, menteelərin də görüşlərə böyük maraq göstərdiklərindən bəhs edir.

“Qadınlar STEM-də” mentorluq proqramının gənc qızların STEM sahələrində inkişafında rolunu yüksək qiymətləndirən Safura xanım, qeyd edir ki, proqramda mentor kimi fəaliyyət göstərmək mənə həm də bir çox peşəkar həmkarım ilə ünsiyyət və əlaqələr qurmağa imkan yaratdı.

Mentorumuz STEM sahəsində çalışmaq istəyən gənc qızlara müraciət edir: “İnkişaf etmək üçün heç nədən çəkinməyin, planlarınızı gerçəkləşdirməkdən qorxmayın. Stereotiplərdən və sizin inkişafınıza maneə olan düşüncələrdən uzaq olun, ən əsası isə özünüzə inanın!”

Mentee Aysun Səfərli Azərbaycan - Fransız Univeristetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. 20 yaşlı Aysun layihəmiz haqqında təhsil aldığı universitetdən məlumat alıb. Öz ixtisasını daha dərindən anlamaq, şəxsi inkişafını gücləndirmək istəyi ilə proqrama qatılan Aysun mentorunun dəstəyindən sevinclə danışır: “Mentorum Safura xanımın köməyi ilə mən ixtisasım üzrə biliklərimi təkmilləşdirmək üçün yeni alətlər öyrəndim. Beynəlxalq elmi ədəbiyyatlarda araşdırma, suni intellekt üzərində qurulmuş tətbiqlərdən, müasir öyrənmə metodlarından istifadə ilə bağlı bacarıqlar qazandım”.

Proqramın şəxsi inkişafında  da əhəmiyyətli rolundan bəhs edən Aysun bildirir: “Proqram mənim özümə inamımı formalaşdırdı. Belə ki, Women in STEM mentorluq proqramında iştirak etdikdən sonra əvvəllər kifayət qədər bilikli olmadığımı düşündüyüm üçün iştirak etməkdən çəkindiyim proqramlaşdırma yarışlarına qatıldım və uğurlu nəticələr əldə etdim. Hazırda müxtəlif layihələrə çəkinmədən müraciət edir və nailiyyətlər qazanıram”.

Mentee Alagözova Zibeydə riyaziyyat və informatika müəllimidir.

“Women in STEM” mentorluq proqramına qoşulmaqda məqsədim STEM-in peşəkarları ilə müzakirələr etmək, onların təcrübəsindən faydalanmaq idi”, -deyən Zibeydə xanım proqramın ona hər zaman dəstək göstərməyə hazır, yeni biliklər əldə etməsinə kömək edən bir dost qazandırdığını dilə gətirir.

Safura xanımla görüşlərindən həyəcanla danışan Zibeydə xanım qeyd edir ki, “Birlikdə Azərbaycan və xarici ölkələrdə STEM fənlərinin tədrisi ilə bağlı fərqləri araşdırdıq, xarici ölkələrdə tətbiq olunan müasir tədris metodlarını müəyyənləşdirdik. Mentorumun dəstəyi ilə bu metodların, istifadə olunan tədris proqramları və tətbiqlərinin bir neçəsini dərslərimdə tətbiq etməyə başladım. Bununla şagirdlərimin dərslərdə daha maraqla və aktiv iştirakına nail oldum”.

Proqramın cəmiyyətimiz üçün fayda və potensialını yüksək qiymətləndirən Zibeydə xanım deyir: STEM heç də düşünülən qədər çətin deyil. Bu sahədə öz sözünü demiş, kifayət qədər uğurlu qadın var. Əgər gələcəyinizi bu sahədə görürsünüzsə, arzularınızın arxasınca gedin. Mütləq bir gün hədəflədiyiniz zirvəyə çatacaqsınız.