Azərbaycanda kiçik təsərrüfat sahiblərinə dəstək üçün blokçeynin tətbiqi

Azərbaycanın ümumi işçi qüvvəsinin demək olar ki, 37 faizi kənd təsərrüfatı sektorunun payına düşür, xüsusilə də əksəriyyət kiçik fermer təsərrüfatlarında çalışır.

9 June 2022

 

Kiçik təsərrüfat sahibləri ənənəvi əkinçilik üsullarını tətbiq edərək yerüstü suvarmadan istifadə edir və əkin və məhsul yığımı ilə bağlı qərarlarını əvvəlki təcrübələrdən irəli gələn fərziyyələr əsasında verirlər. Təəssüf ki, bu ənənəvi əkinçilik üsulları məhsuldarlığın azalmasına, torpağın deqradasiyasına, biomüxtəlifliyin azalmasına səbəb olur və su qıtlığı yaşanan regionda su ehtiyatlarının üzərinə ağır yük qoyur. Bu məcmu amillər təsərrüfat sahiblərinin iqlim dəyişikliyinin nəticələri qarşısında daha həssas vəziyyətə düşməyinə səbəb olur.

Son illər ərzində BMTİP-in aqro-biomüxtəliflik proqramı təsərrüfat sahibləri arasında məhsullarını əkmək, suvarmaq, gübrələmək, biçmək, saxlamaq və satmaq üçün daha səmərəli yollar haqqında məlumatlılığı artırmaq üçün yeni texnologiya, təlim kursları, kiçik qrantlar və səyyar laboratoriya təqdim edir. Bu proqram Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və Qlobal Ekologiya Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu yeni texnologiyaların tətbiqi torpağı və ətraf mühiti qorumaqla yanaşı, məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına, su, pestisid və gübrə xərclərinin azalmasına və kimyəvi maddələrdən təmizlənmiş daha keyfiyyətli məhsulların əldə olunmasına kömək edib.

Buna baxmayaraq, təsərrüfat sahibləri hələ də öz məhsullarını bazarda satmaqla bağlı ciddi çətinliklərlə üzləşirlər. Bu qismən onunla izah oluna bilər ki, onların qoyduqları qiymətlərə mürəkkəb nəqliyyat marşrutlarının xərcləri də daxildir və bu prosesdə çoxsaylı vasitəçilər və maraqlı tərəflər iştirak edir. Digər amillərə isə son istehlakçılar arasında təsərrüfat sahiblərinə inamsızlığın mövcud olması və logistika, gübrələr, saxlanma şəraiti və istehsalın digər aspektləri ilə bağlı keyfiyyət təminatının verilməməsi daxildir.

Blokçeyn texnologiyası kiçik təsərrüfat sahiblərinə necə kömək edə bilər?

Biz hesab edirik ki, BMTİP-in Akselerator Laboratoriyasında blokçeyn texnologiyasını kənd təsərrüfatı texnologiyaları ilə birləşdirməklə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq, təsərrüfat sahiblərinin yoxsulluqdan çıxmasına kömək etmək və ölkənin qida təhlükəsizliyini gücləndirmək olar.

Biz təsərrüfat sahiblərinə toxum məhsulları üzərində nəzarəti həyata keçirmək imkanı vermək üçün blokçeyn texnologiyasına əsaslanan yeni platformanın yaradılmasına kömək etmişik.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin internet saytına tezliklə inteqrasiya olunacaq bu platformanın istifadəçilər üçün aşağıdakı üstünlükləri olacaq:

  1. O, toxum istehsalçıları üçün elektron etiketlər buraxacaq və buraxılmış etiketlərin reyestrini aparmağa imkan verəcək.
  2. Platformanın köməyi ilə toxum məhsulu partiyalarını sertifikatlaşdırmaq mümkün olacaq.
  3. Həmçinin istifadəçilər məhsul sortunun təmizliyi kimi xüsusiyyətlərlə bağlı məlumat əldə edə biləcəklər.
  4. Platforma mövcud toxum istehsalçıları, onların istehsal etdikləri bitki sortları və toxumların reproduksiyası haqqında məlumatların vahid məlumat bazasında saxlanılmasını və tənzimlənməsini təmin edəcək.

Platformanın ilkin sınağı 2021-ci ildə həyata keçirilmişdir. Təsərrüfat sahiblərinin hər bir qablaşdırılmış toxum torbası QR kodu və müvafiq identifikasiya kodunun göstərildiyi etiketlə unikal şəkildə identifikasiya olundu. Bu yolla toxum sınağı prosesi şəffaflaşdırıldı və toxum torbalarının tərkibinin sabitliyi bütün müddət ərzində təmin edildi. Sistemə daxil edilmiş hər bir etiketli partiya üçün sertifikatlaşdırma haqqında məlumat. Ümumilikdə 135,252 ton payızlıq, 6,761 ton yazlıq bitkilər etiketlənərək sertifikatlaşdırılıb.

Biz inanırıq ki, getdikcə bu platforma məhsul marşrutları, keyfiyyət, saxlama və qiymətqoymada şəffaflığın artırılmasına və istehlakçılar arasında kənd təsərrüfatı məhsullarına inamın artmasına kömək edəcək.

Hesab edirik ki, blokçeyn texnologiyasından istifadə etməklə bu proqram sonradan konsepsiya sübutunu əldə etməyə və ondan izlənmə imkanlarını, qida təhlükəsizliyini və kənd təsərrüfatı sığortasını təkmilləşdirmək məqsədilə potensial yeni layihələrin miqyasını genişləndirmək/inkişaf etdirmək üçün əsas kimi istifadə etməyə, həmçinin kiçik təsərrüfat sahiblərinə bazardakı maneələri dəf etməyə və zəhmətlərindən daha yaxşı gəlir əldə etməyə kömək etmək üçün yeni biznes modelləri təqdim etməyə şərait yaradacaq.