Avropa İttifaqı və BMTİP Azərbaycanda peşə təhsili menecerlərinin hazırlanmasına dəstək olur

25 February 2023

 

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişafı Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsili üzrə səriştəli kadrların yetişdirilməsinə dəstək məqsədilə təlim proqramı həyata keçirib.

“Peşə təhsilində liderlik və idarəetmə” proqramı Aİ tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində təşkil edilib. Təlim kursunun məqsədi peşə təhsili müəssisələrinin idarəetmə heyətində çalışan kadrları bu müəssisələrin fəaliyyətinin strateji cəhətdən planlaşdırılması, liderlik, təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili, keyfiyyət təminatı sisteminin idarə edilməsi, maliyyə idarəetməsi, müvafiq normativ-hüquqi və strateji sənədlər haqqında ətraflı məlumatlandırmaq, sözügedən istiqamətlər üzrə proqram iştirakçılarının bilik və bacarıqlarını artırmaqdır.

Təlim proqramına Ağstafa, Bakı, Gəncə, Göygöl, Xaçmaz, Kürdəmir, Qax, Mingəçevir, Naftalan, Siyəzən, Şirvan şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssisələrində çalışan direktor və direktor müavinləri qatılıb. 60 saatlıq təlim proqramının sonunda təlimləri uğurla başa vuran
15 iştirakçı sertifikatla tətlif edilib. Qeyd edək ki, bu iştirakçıların daha sonra sözügedən proqramdan əldə etdikləri səmərəli təcrübələri çalışdıqları tədris müəssisələrində paylaşılması gözlənilir.

Bu cür təlim proqramları ilə layihə peşə təhsili üzrə idarəetmə həyətlərinin müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsinə dəstək olur, peşə təhsili və təlimi sistemində peşəkar kadrların hazırlığı prosesinə töhfə verir.

***

Təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi tərəfindən həyata keçirilib. Layihə ölkədə peşə təhsilinin müasirləşdirilməsi və əmək  bazarının tələblərinə müvafiqləşdirilməsi üçün dəstəyi hədəfləyir.