Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı peşə təhsili müəssisələrinin potensialının artırılmasına dəstək göstərir

15 peşə təhsili müəssisəsinin kommunikasiya mütəxəssislərinin hazırlığı üçün növbəti tədbir keçirilib.

27 April 2023

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Azərbaycanda peşə təhsili və təlimi müəssisələrinin görünürlülüyünü artırmaq və ictimaiyyətlə əlaqələrini inkişaf etdirmək məqsədilə mütəxəssislərin yetişdirilməsi istiqamətində tədbir keçirib.  

“Gələcək üçün peşə təhsili və  təlimi” layihəsi çərçivəsində baş tutan tədbirin məqsədi peşə təhsili müəssisələrində (PTM) kommunikasiya və təşviqat işlərini yerinə yetirən məsul şəxsləri təhsil marketinqi üzrə müasir yanaşma və alətlərlə tanış etmək və onların iş potensialını gücləndirməkdir. 

Bakı şəhərində keçirilən tədbirdə paytaxtda, həmçinin Bərdə, Cəlilabad, Gəncə, İsmayıllı, Qax, Qəbələ və Qusarda yerləşən peşə təhsili müəssisələrinin 15 nəfər kommunikasiya mütəxəssisi, təlimçilər, eləcə də BMTİP və PTDA nümayəndələri olmaqla 22 nəfər iştirak edib. Təlim bu PTM-lərin strateji görünürlülüyünün artırılması və hədəfli kommunikasiyasının inkişafı üzrə iştirakçı mütəxəssislərə dəstək üçün tərtib edilib. 

Qeyd edilməlidir ki, peşə təhsilinin nüfuzunun artırılması, sahə üzrə təşviqat və ictimaiyyətlə əlaqələrin qurulması yönündə  fəaliyyətlər sözügedən layihə tərəfindən tərtib edilən kommunikasiya sahəsi üzrə tövsiyə xarakterli strateji təkliflər əsasında reallaşdırılır. Tədbirdə reklam və brendləşmənin önəmi, təhsilin müxtəlif hədəf qruplarına təqdimatı, marketinq planlaması, eləcə də sosial media platformalarında kontent yaradıcılığı müzakirə edilib. İştirakçılar, həmçinin tələbə qəbulu üzrə hədəflərlə tanış olaraq öz təşviqat hazırlıqlarını nəzərdən keçiriblər. 

Bu tədbir, layihə tərəfindən kommunikasiya sahəsi üzrə PTM heyətləri üçün təşkil edilən 7-ci təkmilləşdirmə proqramıdır. Kadr bacarıqlarının inkişafı üzrə bu kimi proqramlar heyətlərin kommunikasiya sahəsində potensialını artırır, habelə peşə təhsili və təlimlərinin (PTT) düzgün təqdimat və təşviqinə dəstək göstərir. Ölkədə peşə təhsili və təlimi ilə bağlı məlumatlılığın artırılması, o cümlədən daha çox gənc və özəl sektor şirkətlərinin PTT sektoruna cəlb edilməsi üçün bu dəstəkləyici tədbirlər davam edəcək.

***

Peşə təhsilinin təşviqatına dəstək fəaliyyətləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisi, Layihənin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org 

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.