Avropa İttifaqı, BMTİP və və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsilində rəqəmsal resursların yaradılması üzrə təlim proqramını yekunlaşdırıb

17 December 2021

Foto: BMTİP Azərbaycan

Bakı, 17 dekabr 2021-ci il –  Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) rəqəmsal tədris resurslarının yaradılması və qiymətləndirilməsi istiqamətində birgə təşkil etdiyi kurs proqramı başa çatıb.

Proqram, Aİ-nin maliyyələşdirdiyi "Gələcək üçün Peşə Təhsili" layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq “MOODLE” təhsil platformasından istifadə edilərək həyata keçirilib. Platforma istifadəçilərə öyrənmək üçün interaktiv onlayn məkanlar təqdim edir, eləcə də müxtəlif rəqəmsal təhsil resurslarının yaradılmasına imkan verir. Onlayn tədris resurslarının yaradılması və onlayn təhsilin təşkili üzrə mütəxəssis Dr. Maria Toro-Troconisin apardığı təlim proqramına Bakı, Gəncə, Şəki, Cəlilabad, Lənkəran, İsmayıllı, Mingəçevir, Qəbələ və digər şəhərlərdə yerləşən peşə təhsil müəssisələrindən mütəxəssislər və PTDA-nın əməkdaşları qatılıb.

Bağlanış tədbirində iştirakçılar “Azərbaycanda rəqəmsal tədris resurslarının yaradılması və qiymətləndirilməsi üzrə alətlər vasitəsinin tətbiqi” kursu ilə bağlı fikirlərini paylaşıb və proqramın tətbiq dairəsinin genişləndirilməsi, həmçinin müxtəlif peşələr üzrə fərqli hədəf qruplarını nəzərə alaraq yeni rəqəmsal resursların yaradılması istiqamətində təkliflər irəli sürüblər. Tədbir zamanı xüsusilə, onlayn tədrisə ehtiyacın artdığı dövrdə elektron resursların hazırlanmasında müəyyən standartların olması, eləcə də nəticələrin müvafiq ölçülmə imkanları və ümumi keyfiyyət baxımından bu cür yanaşmaların əhəmiyyəti vurğulanıb.

Onlayn bağlanış tədbirində kursu müvəffəqiyyətlə başa vuran 13 iştirakçı sertifikatla təltif edilib. Qeyd edək ki, layihə çərçivəsində onlayn tədrisin təşkili istiqamətində əlavə dörd kursun yaradılması nəzərdə tutulur.

Sözügedən proqram, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri –gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.