Qısa təlimlərdən peşə təhsilinə: ümid dolu bir yol

19 December 2022

 

Samirə Şirinova 32 yaşındadır və ailəlidir. Həyatda bir çox çətinliklə qarşılaşan qəhrəmanımız buna rəğmən müsbət yöndə düşünməyi, həyata nikbin baxmaq bacarığını özündə qoruyub saxlaya bilib.

Çox böyük xəyallarla ailə quran Samirə, bundan sonra həyatının rəngarəng və xoşbəxt olacağını düşünür. Lakin həyatın onun üçün hazırladığı sürprizlərə hazır olmur. Üç ovladının hər birini çox erkən yaşda itirən qəhrəmanımız, bu ağır zərbələrdən sonra uzun müddət özünə gələ bilmir. Hər şeyə və hər kəsə küsən xanım, yaşamaq belə istəmir.

Bir gün Samirə ayaqqabı almaq istədiyini, həyata yenidən qayıtmaq istədiyini görür. Bunun üçün pul qazanmalı olduğunu anlayan qadın, iş üçün müraciət etməyə qərar verir və qəbul olunur.

Daha sonra isə Bərdə Qadın Klubuna üzv olduğu bir vaxtda Bərdə Qadın Resurs Mərkəzi haqqında eşidir. 2022-ci ilin avqust ayında bu Mərkəzə üzv olur və həyatının dönüm nöqtələrindən birini yaşayır.

Bərdə Qadın Resurs Mərkəzinin fəal üzvlərindən olan Samirə fəal şəkildə təməl mühasibatlıq bacarıqları təlimində iştirak edir. O, yeni şeylər öyrənməyə, ən əsası da - bunu təhsil müəssisəsində etməyə qərarlı olur.

“Çox şanslı idim çünki bir təhsil ocağında qısa müddətlik də olsa biliklərə yiyələnmək imkanım olacaqdı.Və bu seçimim mənə çox ugur gətirdi.”

10 gün davam edən təlimlərin sonunda sertifikatla təltif olunan qəhrəmanımızın xoşbəxtliyinin həddi hüdudu olmur. O, bununla da kifayətlənmir! Və təlimlərdən dərhal sonra Bərdə Peşə Liseyində uzunmüddətli təhsil üçün müraciət edir. Hazırda Samirə xanım Liseyin “Əməliyyatçı mühasib” fakültəsində peşə təhsili alır.

“Xəyallarınızdan əlinizi üzməyin. Heç nə üçün gec deyil. Mən bacardım, siz də bacara bilərsiniz!” – deyə Samirə Şirinova qadınlara səslənir.