İnnovativ üsullardan istifadə ilə özbaşına tikinti və söküntü halları barədə operativ informasiya almaq mümkün olacaq

“Şəhər inkişafına nəzarət elektron sistemi” Layihəsi müzakirə olunub

28 March 2023

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda rezident nümayəndə səlahiyyətlərini icra edən Nuno Queiros iki qurum arasında perspektiv əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

Görüşdə hazırda icra olunan Azərbaycanda “Şəhər inkişafına nəzarət elektron sistemi” layihəsinə geniş yer ayrılıb. Layihənin əhəmiyyəti, eyni zamanda bu sistemin Komitənin nəzarət səlahiyyətlərinin həyata keçirilməsi prosesində əlverişli alətə çevrilə biləcəyi qeyd edilib. 

Görüş iştirakçıları layihənin tez bir zamanda reallaşdırılmasına dair növbəti addımlara diqqət yönəldiblər və görülməli olan işlər barədə tapşırıqlar verilib.

“Şəhər inkişafına nəzarət elektron sistemi” Layihəsinin əsas məqsədi şəhərsalma üzrə elektron nəzarət sisteminin yaradılması, peyklər və pilotsuz uçuş aparatları vasitəsilə əldə edilmiş ərazilərin müvafiq təsvirlərindən istifadə etməklə baş verən tikinti və söküntü hallarının operativ şəkildə aşkar edilməsi və avtomatik olaraq “Şəhərsalma və Tikinti Fəaliyyətinin Vahid İnformasiya Sistemi”nə keçirmək və qanuniliyinin yoxlanılması, özbaşına tikinti və ya söküntü halı müəyyən edildiyi zaman müvafiq tədbirlərin görülməsi, bu sahədə əhalinin maarifləndirilməsi, habelə şəhərsalma və tikinti fəaliyyətlərinə nəzarətin daha da gücləndirilməsidir.

Qeyd edək ki, “Şəhər İnkişafına Nəzarət Elektron Sistemi” üzrə layihə təklifi 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin iştirakı ilə hazırlanıb.