Zaqatalada Qadın Resurs Mərkəzinin və “SİSLAB” Mərkəzinin açılış mərasimində BMTİP-in Rezident Nümayəndəsi cənab Alessandro Frakassettinin açılış nitqi

12 June 2019

ŞəkilI: BMTİP Azərbaycan

Çıxış üçün hazırlanıb

Zaqatala, Azerbaijan

Zaqatala, Azərbaycan

Tarix: 12 iyun 2019

Məkan: Heydər Əliyev Mərkəzi

Hörmətli Tofiq müəllim! (Tofiq Əhmədov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini)

Hörmətli Hicran xanım Hüseynova (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri)

Zati-aliləri, cənab Li Litzenberqer (ABŞ-ın Azərbaycandakı səfiri)

Hörmətli cənab Caydev Sinqx (ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru)

Əziz qonaqlar, xanımlar və cənablar!

Hamınızı ürəkdən salamlayıram!  (Azərbaycan dilində)

Bu gün Zaqatalada Qadın Resurs Mərkəzinin və Gənclərin Məşğulluq və Təlim ("Sislab") Mərkəzinin açılışında olmaqdan böyük qürur hissi duyuram! BMTİP və USAİD-in "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" adlı birgə layihəsinin həyata keçirildiyi üç rayondan biri olan Zaqatala rayonu BMTİP-in  qadınların və gənclərin iqtisadi fəallığı, məşğulluğu və sahibkarlığının dəstəklənməsi və təşviqi istiqamətindəki inkişaf səyləri üçün mühüm məkan olaraq qalır.  

Məhz qadınların və gənclərin səlahiyyətlərinin artırılması inklüziv artımı sürətləndirir. BMTİP-in Rəhbəri Axhim Ştayner demişdi: "Biz bu innovasiyaların qadınların ehtiyaclarını qarşılaması və reallıqda da heç kəsi kənarda qoymaması üçün onların hazırlanması və icrasında qadınların ideyaları, baxışları və təcrübələrindən istifadə etməliyik".

BMT-nin qiymətləndirmələrinə əsasən, gender bərabərsizlikləri və gender əsaslı ayrı-seçkilik qadınların iqtisadi potensialını məhdudlaşdırır və onları gələcəyimizin formalaşdırılması işindən kənarda qoyur. BMT-nin İnkişaf Proqramı qadınların və gənclərin səlahiyyətlərinin artırılmasını Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədinin uğurlu icrasının əsas elementlərindən biri hesab edir. Bu, bizim müştərək öhdəliyimizdir və buna görə də, BMTİP-in Azərbaycandakı Nümayəndəliyi bu məqsədi reallaşdırmaq üçün sizin hamınızla birlikdə hərəkətə keçməyə qərar verib.

Bu gün iki yeni Mərkəzin yaradılması birgə layihəmizin Zaqatala rayonunda mühüm bir nailiyyəti[IS2] , həm də BMTİP və bizim dəyərli tərəfdaşlarımızın ən həssas əhali qruplarının səlahiyyətlərinin artırılması və inkişaf səylərimizdən hər kəsin faydalanmasının təmin edilməsi üçün həyata keçirdiyi daha geniş təşəbbüs çərçivəsində yeni və uğurlu bir addımdır[IS3] .

Yeni mərhələnin başlanğıcında məmnuniyyətlə qeyd etmək istəyirəm ki, layihə 2018-2019-cu illərdə layihənin icrasının birinci mərhələsində təyin olunmuş bütün hədəflərə çatmışdır. Bu gün artıq 10 qadın Zaqatalada öz şəxsi biznesinə rəhbərlik edir və ən əsası, daha 4 nəfər işsiz qadını işlə təmin edirlər.

Bu günədək, layihə çərçivəsində təqdim olunan müxtəlif təlim proqramları və şəbəkələşmə tədbirlərindən 134 qadın və qız faydalanıb. Zaqatalada 150-dən artıq qadın qadınların iqtisadi və sosial hüquqları və gender aspektlərinin aktuallaşdırılması ilə bağlı müxtəlif maarifləndirmə kampaniyalarında iştirak edib. Zaqatala Qadın Resurs Mərkəzi özü yeni olsa da, 160-dan artıq üzvdən ibarət heyrətamiz bir şəbəkədir.

Bizim Gəncə, Masallı və Zaqataladakı "SİSLAB" mərkəzlərimiz yarıdan çoxu qadın olmaqla 300-dən artıq gənc üçün təlim proqramları təşkil etməklə bu ümid dolu gənclərin yerli əmək bazarında məşğulluq imkanlarının və peşəkar bacarıqlarının artmasına kömək edib. Sevindirici xəbər ondan ibarətdir ki, bu məzunların 66%-dən çoxu "SİSLAB"-ın təlimləri müddətində və ya ondan dərhal sonra yerli şirkət və təşkilatlarda iş tapa biliblər.

Hazırda BMTİP mərkəzi və yerli icra hakimiyyəti orqanları və beynəlxalq donorlar, o cümlədən USAİD, Avropa İttifaqı və Koka-Kola Fondu ilə əməkdaşlıq şəraitində qadınlara və gənclərə dəstək məqsədilə ölkənin 8 rayonunda iş aparır.

Vurğulamaq lazımdır ki, bu nailiyyətlər təkcə BMTİP-in göstərdiyi səylərin məhsulu deyil - bu diqqətəlayıq nəticələr, uğur hekayələri və insanların vəziyyətindəki dəyişikliklər bizim cəlb olunmuş bütün tərəfdaşlarımızın birgə səyləri və əzmi olmadan baş verə bilməzdi.

Mən xüsusilə hökuməti təmsil edən ən yaxın tərəfdaşlarımızdan biri olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovaya bu birgə missiyamıza istiqamət verdiyinə görə təşəkkür etmək istərdim. Komitənin qayğıkeş yanaşması sayəsində, kəndli qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi ilə bağlı layihə cəmi bir neçə il ərzində Sabirabaddakı kiçik miqyaslı tədbirlərdən güclü Qadın Resurs Mərkəzlərinin yaradıldığı və yüzlərlə qadın benefisiarlara xidmətlərin göstərildiyi 8 rayonda özünəinamlı fəaliyyətə keçmişdir.

Son 15 il ərzində BMTİP-in məmnuniyyətlə əməkdaşlıq etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yüksək dəyərləndirdiyimiz əməkdaşlığa görə minnətdarlığımı bildirirəm. Bu müddət ərzində görülmüş çoxsaylı birgə tədbirlər milli məşğulluq strategiyasından pensiya fondunda islahatın aparılmasına, gənclərin məşğulluğundan müxtəlif həssas sosial qruplara xidmət göstərilməsinə qədər sahələr daxil olmaqla milli sosial müdafiə sisteminin genişləndirilməsi ilə nəticələnmişdir. Bu yaxınlarda əlilliyi olan şəxslərin məşğulluğu və Dağlıq Qarabağ müharibəsi veteranlarına dəstəklə bağlı start verdiyimiz 2 proqram da buraya daxildir.

Bundan əlavə, mən Dövlət Məşğulluq Xidməti və BMTİP arasındakı əməkdaşlığa göstərdiyi güclü maraq və dəstəyinə görə cənab Fuad Musayeva təşəkkür etmək istərdim. Vəzifədə olduğu qısa müddət ərzində, o, rəhbərlik etdiyi qurumun yenidən qurulması mədəniyyətini təşkil etməklə güclü lider kimi nüfuz qazanmışdır. Bizə məlumdur ki, o, hazırkı əməkdaşlığımızı daha da dinamik və məhsuldar etmək üçün yeni ideyalara malikdir və buna görə də biz qarşıdakı illərdə onunla və onun komandası ilə işləməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, cənab Li Litzenberqer! Ölkədəki gənc və qadınların potensialının və bacarıqlarının gücləndirilməsinə yönələn proqramlarımıza göstərdiyiniz dəstəyə görə sizə xüsusilə təşəkkür etmək istərdim. Azərbaycandakı icma təşəbbüslərinə ABŞ-ın yardımın yaxşılaşdırılmasında nümayiş etdirdiyiniz fəal mövqe bu ölkə və BMTİP-in regionlardakı inkişaf fəaliyyəti üçün çox qiymətlidir. Qərbdə Gəncədən, cənubda Masallıya və artıq şimal-qərbdə Zaqatalaya qədər ərazilərdə yerləşən Qadın Resurs Mərkəzləri və "SİSLAB" kimi tanınan Gənclərin Məşğulluq və Təlim Mərkəzləri - onların hamısı və onların uğur hekayələri məhz Hökumətin və ABŞ xalqının nəcib dəstəyi sayəsində mümkün olmuşdur. Bugünkü tədbir və cənab Səfirin iştirakı Amerika və Azərbaycan hökumətlərinin beynəlxalq sülh, dialoq və harmoniyaya yönələn ortaq gələcəyə baxışı və dostluğundan xəbər verir - bunların hamısı məhz BMT-nin də amallarıdır.

Yekunda, mən həm də yalnız ABŞ və Azərbaycan hökumətləri arasında deyil, həm də USAİD və onun həmkar təşkilatları və layihələri arasında tərəfdaşlıq ruhunu təşviq etdiyinə görə cənab Caydev Sinqxə təşəkkür etmək istərdim. Cənab Sinqx dəfələrlə vurğulayıb ki, USAİD sadəcə benefisiar icmaları resipiyent kimi qəbul edən donor agentlik deyil, həm də icmaların və həmkar təşkilatların Azərbaycanın iqtisadi çiçəklənməsi naminə bərabər vəzifə və öhdəliklər daşıdığı "inkişaf tərəfdaşıdır". Belə bir bəyanat BMT-nin ürəyinə çox yaxındır və Azərbaycanda sahibkarlıq və məşğulluğa iqtisadi dəstək kimi birgə missiyamız istiqamətində fəaliyyətimizi həqiqətən də stimullaşdırır.

BMTİP olaraq, biz inanırıq ki, Qlobal Məqsədlərə yalnız dövlət, xalq, özəl sektor və beynəlxalq təşkilatlar arasında güclü tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə nail olmaq mümkündür. Daha yaxşı bir dünya qurmaq üçün biz öz missiyamızın həyata keçirilməsində dəstəyə meylli, empatik, innovativ, ehtiraslı və hər şeydən əvvəl əməkdaşlığa meylli olmalıyıq. Bu baxımdan, BMTİP 2019-2022-ci illərdə layihənin icrası zamanı Zaqatalanın icra hakimiyyəti orqanlarının və USAİD-in dəstəyinə arxalanır və ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə genişləndiriləcək.

Təşəkkür edirəm! 

Çox sağ olun! (Azərbaycan dilində)