BMTİP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Yuliya Şerbininanın ADA Universitetinin 4-cü Beynəlxalq Təhsil Konfransında çıxışı

19 June 2019

Şəkil: BMTİP Azərbaycan

Çıxış üçün hazırlanıb

İnklüziv və bərabər keyfiyyətli təhsilə doğru: Fəaliyyət imkanları

4-cü DİM-in hədəflərinin təsirli reallığa çevrilməsi

ADA Universiteti

Bakı, Azərbaycan 

Hörmətli xanımlar və cənablar!

Hörmətli cənab Ceyhun Bayramov! (Təhsil naziri),

Hörmətli rektor cənab Hafiz Paşayev! (ADA Universitetinin rektoru)

Hörmətli cənab Navid Həsən Naqvi! (Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Meneceri)

Hörmətli cənab Parmosivea Soobrayan! (UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Təhsil Müşaviri)

Hörmətli qonaqlar!

Hörmətli panel iştirakçıları!

Cənab Fariz İsmayılzadə! (Panel sessiyasının moderatoru/ADA Universiteti-nin prorektoru)

Bu gün burada, çoxsaylı təşkilatları, proqramları və təşəbbüsləri bir araya gətirən "İnklüziv və bərabər keyfiyyətli təhsilə doğru: Fəaliyyət imkanları" adlı konfransın açılışında iştirak etməkdən böyük qürur və məmnuniyyət hissi duyuram!

Keyfiyyətli təhsil konsepsiyas; Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin mərkəzində yer alır və BMT-nin 2015-ci ildə keçirilmiş tarixi Baş Assambleyası zamanı BMT-nin üzv dövlətləri tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədindən biridir. Spesifik olaraq inklüziv və bərabər keyfiyyətli təhsilə yönələn 4-cü məqsəd – “Keyfiyyətli təhsil” hamı üçün həyat boyu təhsili təşviq edir və inklüziv cəmiyyətlərdə məşğulluq imkanlarının artırılmasında alternativ təhsil yollarının çox vacib bir addım olduğunu təsdiq edir.

Azərbaycanda BMTİP bir çox yollarla öz inklüzivlik portfelinin genişləndirilməsini ön plana çəkir, onların əksəriyyəti bizim uzunmüddətli tərəfdaşımız olan Avropa İttifaqı tərəfindən hazırda dəstəklənir. Bu gün BMTİP və Azərbaycan Hökuməti Azərbaycanın peşə təhsili sisteminin inqilabi şəkildə yenilənməsinə və kənd yerlərində onun inkişaf potensialının gücləndirilməsinə yönələn, konseptual baxımdan yeni iki layihə icra etməkdədir. Onların hər ikisi Aİ-nin əhəmiyyətli maliyyə dəstəyi sayəsində mümkün olub. Ölkənin qərbində bizim birgə fəaliyyətimiz Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərir. Cənubda bizim layihələrimiz çərçivəsində Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzi yaradılıb.

Təhsildə keyfiyyətin, bərabərliyin və inklüzivliyin artırılmasına, habelə milli peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və qabaqcıl təcrübələrinə uyğunluğunun təmin edilməsinə yönələn bu layihələrdən biri həm də Gəncə Peşə Kompetensiya Mərkəzində əvvəlki təlimin tanınması üzrə tamamilə yeni mexanizmlərin yaradılması və sınaqdan keçirilməsi kimi qabaqcıl işlərə dəstək göstərir. Kifayət qədər unikal xarakter daşıyan bu təşəbbüsün məqsədi fərdlərin istər formal, istərsə də qeyri-formal şəkildə həyat boyu əldə etdikləri peşəkar bacarıqların qiymətləndirilməsi və təsdiq edilməsinə imkan verən bir sistemi işə salmaqdır.

Bununla yanaşı, BMTİP-in Avropa İttifaqının dəstəyilə icra olunan son dərəcə əhəmiyyətli başqa bir layihəsi isə ənənəvi incəsənət vasitəsilə inklüziv təhsili təşviq edir. Bu təşəbbüs BMTİP-in bu layihədə icraçı tərəfdaşı olan “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə uğurlu əməkdaşlığının nümunəsidir.  Cəmi bir il ərzində layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin yanında əlilliyi olan şəxslər üçün əlçatan olan İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi yaradılmışdır. Burada əlilliyi olan gənclər hər hansı növ əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsil alacaqlar. Bu inklüziv təhsil proqramına qəbul edilən qarışıq qrup üzrə tələbələrin ilk qrupu üzümüzə gələn sentyabr ayında yeni akademik mövsümə başlayacaqlar və sonda seçdikləri sahə və maraq dairələrindən asılı olaraq dülgərlik, dulusçuluq və ya sadə suvenir istehsalı üzrə ixtisaslı mütəxəssislərə çevriləcəklər.

Bu layihə inklüziv peşə təhsilinə cəlb olunan əlilliyi olan gənclərin sayında əsaslı artım vasitəsilə 4-cü Qlobal Məqsəddə nəzərdə tutulan inklüziv və bərabər keyfiyyətli təhsili təmin edir, bu təşəbbüsə cəlb olunan bütün maraqlı tərəflərə siyasət tövsiyələrinin verilməsi vasitəsilə, onların sosial inklüzivliyini təşviq edir və bərabərsizliyi azaldır.

Avropa İttifaqı ilə icra etdiyimiz bu əlamətdar təşəbbüslərdən başqa, onların məşhur "#birlikdəgüclüyük" şüarı altında BMTİP inklüziv hüquqları çoxsaylı digər yollar vasitəsilə də təşviq edir. Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyata keçirdiyimiz layihələr əlilliyi olan şəxslər, o cümlədən qadınlar, gənc qızlar və Dağlıq Qarabağ müharibəsi veteranları üçün yeni biznes imkanları yaratmaq yolu ilə bu həssas icmaların rifahının yaxşılaşdırılması istiqamətində yeni həll yolları yaradır. Biz Azərbaycanın 12 şəhər və rayonunda əlilliyi olan 500 şəxsə bizneslərini qurmaqda və daha yaxşı sosial müdafiəyə ehtiyacı olan digər şəxsləri işə götürməkdə kömək edəcəyik.

Nəhayət, bu ay - iyun ayının 28-30-da BMTİP Azərbaycanda ilk dəfə 100-ə qədər şəxsi bir araya gətirən "UNLIMITED" adlanan ilk İnklüzivlik Hakatonuna start verərək. Bu Hakatonda ictimai fəallar və könüllülər, tələbələr, veb dizaynerlər, veb proqramçılar, əlilliyi olan şəxslər, jurnalistlər, hökumət rəsmiləri və digərləri intensiv iş şəraitində komanda şəklində çalışacaq və cəmi 48 saat ərzində əlilliyi olan şəxslərin problemləri və ehtiyacları barədə məlumatlılıq səviyyəsini artıran, eləcə də onlar üçün bu problemləri həll edə bilən müəyyən sayda praktiki prototiplər hazırlayacaqlar. Əslində ərizə qəbulu artıq bütün maraqlananlar üçün açıqdır və siz bu sosial proqramda iştirak etmək istəsəniz, BMTİP-in veb-səhifəsini ziyarət edərək "UNLİMİTED" barədə daha çox məlumat əldə edə bilərsiniz.

Bu layihələrin hamısı bir mərkəzi aspektə malikdir: hər kəs üçün faydalı olan inkişafa istiqamət vermək!

Müsbət inklüzivlik təcrübəsi əlilliyi olan şəxslərin həyatlarına özünəinamın artmasından və həyat keyfiyyətinin yüksəlməsindən tutmuş, daha yaxşı kommunikasiya və müstəqil həyat bacarıqlarına, cəmiyyətdə daha yüksək etimad səviyyəsinə və çiçəklənən gələcək üçün çoxsaylı imkanlara, o cümlədən həyat boyu təhsil və karyera imkanlarına qədər xeyli köklü dəyişikliklər gətirir. İnklüzivlik sonda həyatın bütün sahələrini - təhsil, məşğulluq, sosial həyatı əhatə etməlidir.

Hörmətli xanımlar və cənablar!

Yekunda mən bu konfransın həm təşkilatçılarına, həm də iştirakçılarına, xüsusən təşkilatçı universitetə - ADA-ya onların inklüziv və bərabər keyfiyyətli hüquqlu təhsilə ayırdıqları diqqətə və Azərbaycanda təlim və məşğulluq sistemlərinin təkmilləşdirilməsi üçün üfüqlərin genişləndirilməsinə göstərdikləri marağa görə təşəkkür etmək istərdim!

Təşəkkür edirəm! 

Çox sağ olun! (Azərbaycan dilində)