Yaponiya hökuməti və BMT-nin İnkişaf Proqramı orta məktəbdə enerji səmərəliliyinə nail olmaq üçün bir araya gəliblər.

13 July 2023

 

BMT-nin İnkişaf Proqramı, Yaponiya hökuməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Elm və Təhsil Nazirliyi (ETN) və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın paytaxt ərazisindən kənarda ictimai və yaşayış binalarında enerji səmərəliliyi” layihəsi çərçivəsində aparılmış işlərin təqdimat mərasimi keçirib.

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən layihə çərçivəsində mərkəzləşdirilmiş istilik sistemi və isti su təchizatı yenidən qurulub, günəş enerjisi sistemləri vasitəsilə xarici işıqlandırma sistemi, o cümlədən 2022-ci ilin may ayından etibarən Bərdə rayonunun Mollalı kəndi ərazisində yerləşən orta məktəbdə və Bərdə şəhəri ərazisində yerləşən yaşayış binasında enerjiyə qənaət edən pəncərə və sinif qapıları quraşdırılıb.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ regional təhsil idarəsinin müdiri Gündüz Əbdülov və Bərdə rayon İcra Hakimiyətinin başçısının müavini İlham Məmmədov iştirak ediblər.

Tədbir çərçivəsində rəhbər işçilər ağacəkmə aksiyasında iştirak etmiş, məktəbin ərazisində quraşdırılan qazanxanaya baxış keçirmiş və məktəb binasında görülən işlərlə tanış olmuşlar. Təqdimat mərasimi təntənəli şəkildə başlanmış, daha sonra qonaqların, məktəb rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin çıxışları olmuşdur.  

Tədbirdə layihə çərçivəsində keçirilən “Mən Yaponiyanı nə qədər yaxşı tanıyıram?” adlı müsabiqənin qaliblərinə və iştirakçılarına rəsmi şəxslər tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub. 

 

Media üçün əlaqə: 

Vüsalə Abbasova, BMT İP Azərbaycan, +995 505 37 39, vusala.abbasova@undp.org