BMT-nin İnkişaf Proqramı hüquqi yardım üzrə bələdçi hazırlayıb

6 September 2022

 

BMT İnkişaf Proqramı “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlayaraq, hüquqşünasların istifadəsinə verib. Azərbaycan dilində nəşr olunan Bələdçi regionlarda həyata keçirilən ödənişsiz hüquqi yardım fəaliyyətlərində çalışan şəxslərə kömək etmək üçün metodik vəsait kimi işlənəcək (https://www.undp.org/node/387856).

Bələdçi sosial hüquqlar üzrə hüquqi yardımın mahiyyətinə uyğun olaraq nəzəri və praktik hissələrdən ibarət hazırlanıb. Bələdçinin nəzəri hissəsində sosial hüquqların hüquqi əsasları, onların inzibati qaydada və məhkəmə müdafiəsi, məhkəmə sistemi, məhkəməyə qədər məcburi ilkin mediasiya ilə bağlı materiallar verilib.

Bələdçinin praktik hissəsində isə, inzibati orqanlara və məhkəmələrə ərizə və şikayətlərin formaları və nümunələri verilib.  Burada inzibati orqanlara ərizə və şikayətlərin,  mülki və inzibati məhkəmələrə iddia ərizələrinin forma və nümunələri, apellyasiya və kassasiya məhkəmələrinə şikayətlərin formaları əksini tapıb.

Bələdçi BMT İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində təqdim olunub.

“Biz Azərbaycan Hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayır və bu istiqamətində gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik. Layihə çərçivəsində hüquqi yardımın göstərilməsi üçün Qadın Resurs Mərkəzlərinin seçilməsi bu yardımdan əhalinin həssas qruplarından olan qadınların da faydalanmasına imkan verir” , - BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri  Nərgiz Quliyeva təqdimat mərasimində belə bildirib.

Layihə çərçivəsində Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstərilir. Vətəndaşlar BMTİP-nin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana bilirlər.