BMTİP və Aİ Azərbaycanda peşə təhsili üzrə ilk onlayn qiymətləndirmə platformasını təqdim edir

27 July 2022

 

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə ölkədə peşə təhsilində ilk dəfə olaraq “Elektron qiymətləndirmə aləti” yaradılıb. “Elektron qiymətləndirmə aləti” peşə təhsili pilləsi üzrə təhsil alan tələbələrin biliklərinin onlayn qaydada qiymətləndirilməsi prosesini yerinə yetirir.

Sözügedən alət Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən peşədə inklüziv tədrisə dəstək və peşə təhsilində innovativ yanaşmaların tətbiqi fəaliyyətləri çərçivəsində hazırlanıb. E-qiymətləndirmə platforması ilə internetə çıxışı olan istənilən müvafiq mühitdə imtahanların təşkil edilməsi mümkündür və qiymətləndirməni başa vuran namizəd öz nəticəsini dərhal ekranda görə bilir.

Qiymətləndirmə prosesi ilk dəfə pilot olaraq Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “aşpaz” ixtisası üzrə tədris alan tələbələr üçün təşkil edilib. İmtahanda sağlamlıq imkanları məhdud şəxslər olmaqla, ümumilikdə 31 nəfər iştirak edib.

Elektron qiymətləndirmə alətində suallar “Tək seçim”, “Çoxlu seçim” və “Doğru/Yanlış” sual növləri üzrə və çətinlik dərəcəsinə görə “1 bal”, “2 bal” və “3 bal” üzrə hazırlana bilər. İmtahanla bağlı bütün məlumatlar (fənnlər, modullar, suallar), o cümlədən iştirakçılar və nəticələrə dair təfərrüatlar sistemdə saxlanılır və sistemə müvafiq keçidi olan şəxslər istənilən vaxt bu məlumatları nəzərdən keçirə bilir.

Bu platforma PTDA-ya tələbələrin iştirakı, tərəqqisi, uğurlu nəticəsi və ya kəsiri, habelə ümumi performans çətinlikləri haqqında məlumatı hesabat formasında əldə etməyə imkan yaradacaq. Toplanmış məlumatlara əsasən, PTDA öyrənmənin qiymətləndirməsi hesabatlarını ümumiləşdirərək bütün prosesi qiymətləndirmək üçün onları təhlil edə biləcək. Qiymətləndirmə alətinin növbəti tətbiqi 4 avqust 2022-ci il tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “dərzi” qrupu üzrə təşkil ediləcək.

Qeyd edilməlidir ki, platformanın istifadə edildiyi bu inklüziv təlimlər ödənişsizdir və hazırda 10-a qədər müxtəlif peşə istiqamətləri üzrə təşkil edilir. Təlim proqramını müvəffəqiyyətlə bitirən şəxslərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət nümunəli sertifikatları təqdim ediləcək. Təlim proqramı Azərbaycanda ömürboyu təhsil yanaşmasına dəstək olacaq və gələcəkdə həmin istiqamət üzrə təlim keçmiş həssas qruplara, gənclərə, qadın və kişilərə yeni məşğulluq imkanları yaradacaq.