Böyük Britaniyanın Azərbaycandakı səfiri 16 Günlük Fəallıq kampaniyası çərçivəsində Tərtər Qadın Resurs Mərkəzinə səfər edib

30 November 2022

Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniya çərçivəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Ferqus Old BMT-nin İnkişaf Proqramı (BMTİP) heyəti ilə birgə Tərtərə səfər edib. Səfərin məqsədi müştərək layihədən faydalanmış qadınlarla görüşmək və yerli gənclər üçün təşkil olunan kvesti izləmək olub.

Tərtər Qadın Resurs Mərkəzi BMTİP-nin Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihənin uzunmüddətli məqsədi münaqişələrdən təsirlənmiş qadınların münaqişə və travmalara qarşı davamlılığını artırmaqdır. Layihənin hədəf kütləsinə məcburi köçkün qadınlar, ailə, uşaq və qadın məsələləri, qaçqın və məcburi köçkünlər və əmək və əhalinin sosial müdafiəsinə məsul dövlət qurumları, dövlət xidmətləri göstərən müəssisələr, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, özəl şirkətlər və yerli icmalar daxildir.

Səfər zamanı Böyük Britaniya səfiri Qadın Resurs Mərkəzin üzvləri ilə görüşüb və onların hekayələrini dinləyib. O, karyera yönləndirilməsi, məlumatların toplanması və kommunikasiya və təşviqat təlimlərini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edib. Bu günə kimi 70 qadın bu təlimləri başa vurub (20 qadın karyera inkişafı üzrə, 20 qadın məlumatların toplanması üzrə, 30 qadın isə kommunikasiya və təşviqat).

Səfir Old həmçinin 18-22 yaşlı gənclər üçün təşkil olunan “Hekayəni dəyiş” kvestinə də baş çəkib. Kvestin məqsədi ucqar yerlərdə yaşayan gənclərin gender əsaslı zorakılıq barədə məlumatlılığını artırmaq, eləcə də onların yaşadıqları yerlərdə müsbət dəyişim elçiləri olmalarına dəstək olmaq olub. 18 gənc kvesti müvəffəqiyyətlə tamamlayıb.