Bakı, 5 iyun 2020-ci il: Azərbaycanda daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə yeni platforma istifadəyə verildi. Do-it-yourself (DIY), yəni “Özün Yarat” adlı platformanın istifadəçiləri, əşyaların təkrar istifadəsi üçün yeni saytda yaradıcı fikirlər tapa və paylaşa bilərlər. Ən yaxşı fikirlər 3000, 2000 və 1000 manat məbləğində mükafatlandırılacaq.
Platforma, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) həyata keçirdiyi, Şərq Tərəfdaşlığı regionunun altı ölkəsində iqlim fəaliyyətinin sürətləndirilməsinə kömək məqsədi daşıyan EUforClimate regional təşəbbüsünün bir hissəsi olaraq istifadəyə verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının ərsəyə gətirdiyi və maliyyələşdirdiyi “Özün Yarat”, tullantıların azaldılmasında, eləcə də bizim israfçı istehlak mədəniyyətimizin ətraf mühitə vurduğu digər zərərli təsirlərini səngitməkdə effektiv bir yol kimi DIY trendinin məşhurlaşmağına dəstək məqsədilə yaradılıb.
Yenidən istifadə etmə dünyada getdikcə məşhurlaşır. “Özün Yarat” platforması Azərbaycanda bu tendensiyanın artmasına təkan vermək məqsədilə insanları köhnə məhsullardan və məişət tullantılarından ən yaxşı şəkildə istifadə etmək üçün innovativ həllər tapmağa həvəsləndirir.
Platforma “Dəyişiklik Evdən Başlayır!” şüarı altında istifadəyə verilərək, hər birimizin istehlak vərdişlərimizi dəyişərək daha dayanıqlı iqtisadiyyata töhfə verə biləcəyimiz mesajını göndərir. Yenidən istifadə etməyə təzə başlayanlar üçün platforma və onun istifadəçiləri gündəlik əşyaların yeni məqsədlərlə istifadəsi və tullantıların yaradıcı şəkildə fərqli məhsullara çevrilməsi üçün tövsiyələr və metodlar paylaşacaqlar.
Platformanın istifadəyə verilmə tarixi builki 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə üst-üstə düşür və bu təşəbbüs, ətraf mühitin qorunması səylərinə sərmayə qoyulmasının əhəmiyyəti barədə fərdlərdən tutmuş sənayə və hökumətlərə qədər cəmiyyətin bütün təbəqələrinin məlumatlandırması kampaniyası ilə müşayiət ediləcək.
Bu kampaniya, yeni platformanın özü kimi, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 2020 - #TəbiətÜçün - qlobal mövzusu ilə əlaqələndirilir və ətraf mühiti və biomüxtəlifliyi qoruyan daha “dairəvi” iqtisadiyyata keçmək məqsədi daşıyır.
“Ətraf mühiti qorumaq üçün Azərbaycan son illərdə bir çox əlamətdar uğurlara imza atıb. Gələcək nəsillərə dayanıqlı miras qurmağa davam etmək üçün bütün vətəndaşların dəstəyinə ehtiyacımız var. İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq biz, digər hökumət qurumları, beynəlxalq ictimaiyyət və bütün vətəndaşlar ilə birgə çalışaraq, Azərbaycanda ətraf mühitin daha da yaxşılaşdırılmasına töhfə verə və ölkənin iqlim dəyişmələrinin gözlənilən təsirlərinə daha adekvat uyğunlaşmasına şərait yarada bilərik", Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeyd edib.
“Bu təşəbbüs, Aİ-nin Yaşıl Sövdələşməsinə və Dairəvi İqtisadiyyat Fəaliyyət Planına müvafiqdir. Onların hər ikisi iqtisadiyyatlarımızı müasirləşdirməyə və dəyişdirməyə, həmçinin ətraf mühiti qorumağa xidmət edir. Biz insanların həyatını dəyişməkdə, eləcə də daha dayanıqlı istehsal üçün öz davranışımızı dəyişməkdə və planetimizi qorumaqda aparıcı rol oynamaq istəyirik. Biz, bütün bu işləri tərəfdaşlarımızla birgə görmək niyyətindəyik”, Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas bildirib.
Biomüxtəlifliyin qorunmasının vacibliyi barəsində məlumatlılığın artırılması iqlim dəyişikliyi fonunda xüsusilə vacibdir. Bir milyon bitki və heyvan növü artıq məhv olmaq təhlükəsi ilə üz-üzədir və bu hal qida təhlükəsizliyinə təhdid yaradır, eləcə də həyat keyfiyyətimizi azaldır.
"Ölkələrin COVİD-19 pandemiyasından sonra ətraf mühitin bərpa edilməsi və yaşıllaşdırması planlarını qurduğu bir vaxtda, ətraf mühitin qorunması ehtiyacının bütün qərar qəbuletmə proseslərinin, o cümlədən enerji istifadəsi, nəqliyyat və istehlaka dair fərdi qərarların mərkəzində olmasını təmin etmək hər zamankından daha vacibdir. Yalnız davranışlarımızı və ən əsası - istehlak vərdişlərimizi dəyişməklə biomüxtəlifliyin itkisini aradan qaldıracağımıza və nəticədə, iqlim dəyişikliyinə qarşı dayanıqlılığımızı artıracağımıza ümid edə bilərik,” deyə BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti qeyd edib.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – dilara.umudova@undp.org
Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq və güclü dövlətlər qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlil təqdim edirik.