BMT-nin baş katibinin müavini, İnkişaf Proqramının Administratorunun müavini, Siyasət və Proqramlara Dəstək Bürosunun direktoru Markos Atias Neto Azərbaycana səfər edib

8 May 2024

Bakı, 8 may 2024-cü il. BMT-nin baş katibinin müavini, İnkişaf Proqramının Administratorunun müavini, Siyasət və Proqramlara Dəstək Bürosunun direktoru Markos Atias Neto 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu – “Azərbaycanın 4-cü könüllü milli hesabatı və DİM5-in sürətləndirilməsi üçün qadınların iqtisadi gücünün artırılması üzrə maraqlı tərəflərin məşvərət görüşü”ndə iştirak etmək məqsədilə Azərbaycana səfər edib. Cənab Neto öz çıxışında BMTİP-nin gender bərabərliyi və aşağı imkanlı qrupların iqtisadi səlahiyyətlərinin artırılması, rəqəmsal həllər, iqlim dəyişikliyi və enerji keçidi istiqamətində Azərbaycan hökumətinin prioritetlərini dəstəklədiyini qeyd edib. O, BMTİP Azərbaycanın “Gender Seal” üzrə bürünc sertifikata layiq görülməsinə diqqət çəkərək bunun ölkənin gender bərabərliyinə sadiqliyinin bariz nümunəsi olduğunu vurğulayıb.

Səfər çərçivəsində cənab Neto DİM-lər və Azərbaycanda keçiriləcək COP29 Konfransı ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə bir sıra rəsmi görüşlər keçirib. BMT-nin baş katibinin müavini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşərək cari məsələləri müzakirə edib. Daha bir faydalı görüş Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə baş tutub. Cənab Neto COP29-un Rəyasət Heyətinə baş çəkərək Xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və BMT-nin COP29 iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai ilə görüşüb. 

Səfər müddətində cənab Neto ADA Universitetinin tələbələri ilə bir araya gəlib. BMT-nin baş katibinin müavini “İnkişaf üçün maliyyələşdirmə ilə Paris Sazişinin dayanıqlı inkişaf üçün Milli Səviyyədə Müəyyən edilən Töhfələrinin əlaqələndirilməsi” adlı məruzə ilə çıxış edib. Maraqlı sessiya dayanıqlı maliyyə ekosistemi və digər əlaqədar məsələlərin interaktiv müzakirəsi şəraitində keçib.

Media əlaqə: 

Ceyhun Ələkbərov, BMTİP Azərbaycan

jeyhun.alakbarov@undp.org