Avropa İttifaqı və BMTİP layihə təkliflərinin yazılması üzrə vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarını artırır

3 December 2021

Foto: BMTİP Azərbaycan

Bakı, 03 dekabr 2021-ci il –  Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı, vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) yerli inkişafda fəal iştirak etməsi, eləcə də həyat şəraitinin yaxşılaşdırılması məqsədilə icma əsaslı həllər yaratması üçün bacarıqların artırılması fəaliyyətlərinə davam edir.

Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində qrant təkliflərinin yazılması və müvafiq monitorinq çərçivələrinin tərtibatı üzrə 2 aylıq təlim proqramı təşkil olunub. İntensiv proqram Bakı, Neftçala, Biləsuvar, İmişli, Qusar və digər rayonlardan 55 vətəndaş cəmiyyəti təşkilatını və fəal qrupları bir araya gətirib. Onlayn və əyani formatda təşkil olunan sessiyalar tanınmış beynəlxalq qurumlarla iş təcrübəsi olan milli ekspertlər tərəfindən aparılıb.

Proqram müddətində iştirakçılar data toplanılması, verilən sahə üzrə əlaqədar tərəflərin müəyyənləşdirilməsi, eləcə də uğurlu layihə strategiyaları hazırlamaq yolları barədə ətraflı öyrəniblər. Sessiyalar zamanı iştirakçılar verilənlər bazası ilə çalışıb, məlumatların etibarlılığı və güvənilirliyi ilə bağlı məsələləri müzakirə edib və real nümunələri təhlil ediblər. Həmçinin təşkilatlar, layihələrin nəticə əsaslı tərtibatı və monitorinqi üzrə praktiki bacarıqlara yiyələniblər.

Təlim proqramının məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verən uğurlu layihə təklifləri yazmaq üzrə VCT-lərin potensialının artırılmasıdır.

Təlim proqramının tərkib hissəsi olaraq, iştirakçılar öz layihə ideyaları üçün fərdi mentorluq dəstəyi də əldə ediblər.

Qeyd edilməlidir ki, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə, BMTİP tərəfindən həyata keçirilir. Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.