Avropa İttifaqı və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə “Təlimçilərin Təlimi” Proqramına başlayıb

Proqram Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatları ilə iş layihəsi çərçivəsində təşkil edilir.

19 January 2023

 

İntensiv təlim proqramı sosial sahibkarlıq istiqamətində 7 milli ekspert hazırlamaq məqsədi daşıyır. Bu ekspertlər, daha sonra sözügedən proqramdan əldə etdikləri bilik və bacarıqları öz iş fəaliyyətlərini sosial biznes modelinə yönəltməkdə maraqlı olan 40 vətəndaş cəmiyyəti təşkilatı, sosial sahibkarlar və gənclər qrupları ilə paylaşacaq.

Peşəkar təlimçilər sahə üzrə beynəlxalq və yerli ekspertlərin dərslərində iştirak edərək sosial sahibkarlıq sahəsində bacarıqlarını artırmaq imkanı əldə edirlər. Təlim proqramı 9 modulu əhatə edir və iştirakçılara müxtəlif sosial biznes tərifləri və terminlərini anlamağa, sosial sahibkarların ehtiyaclarını və imkanlarını qiymətləndirməyə, o cümlədən sosial sahibkarlara mentorluq etməyə və ümumilikdə, ekosistemi başa düşməyə kömək edir. Proqram həmçinin ideyanın yaradılması, biznes dizaynı və planlaması, satış və marketinq, kommunikasiya, eləcə də biznes ideyalarının təqdimatı üçün effektiv alətlər təqdim edir. Proqramın sonunda iştirakçılar qazandıqları yeni bacarıq və səriştələri qiymətləndirmək üçün test imtahanından keçəcək.

Seminarlar sosial iqtisadiyyat, dairəvi iqtisadiyyat, eləcə də yerli və inklüziv inkişaf sahələrində təxminən 15 illik təcrübəyə malik ARCO (Birgə inkişaf üçün Aktiv Araşdırma) Araşdırma Mərkəzi (İtaliya) və “ARPA Consulting” tərəfindən aparılır.

Ekspert Təlim Proqramı Azərbaycanda Sosial Sahibkarlıq Platformasının yaradılması istiqamətində çoxmərhələli prosesin ilk addımıdır və bu silsilə fəaliyyətlər 40-a yaxın sosial yönümlü təşkilat və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində həllər üzrə çalışan şirkətlər üçün potensialın artırılması seminarları ilə davam edəcək. Bunun ardınca təşkilatlar ideyalaşdırma və akselerasiya proqramlarına cəlb ediləcək. Burada təşkilatlar yeni sosial biznes ideyaları yaradacaq və layihənin maliyyə dəstəyindən faydalanaraq fikirlərini real biznesə çevirmə imkanı əldə edəcəklər.

________________

Təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilir.
Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.

_________________

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

__________________

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

__________________

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq. Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.