Nərmin Beydizadə

Nərmin Beydizadə Çexiya Respublikasının Masarik Universitetində davranış biologiyası üzrə təhsil alır və hörümçək davranışları üzrə tədqiqatlar aparır. O, bütün həyatı boyunca azad araşdırmaçı kimi heyvan davranışları üzrə tədqiqatlar apararaq elmi əsərlər yazmağı xəyal edir.

Nərmin heyvanların davranış biologiyası üzrə tədqiqatlar aparan elm insanı və təbiət aşiqidir.

7 YAŞ

Nərmin 1991-ci il 3 sentyabr tarixində Qəbələ rayonunda dünyaya gəlib. Qəbələnin füsunkar təbiəti erkən yaşlarında Nərmini özünə heyran qoyub. Təbiətə olan böyük sevgisi də, elə bu yaşlardan başlayıb. Nərminin uşaqlığı saatlarla qarışqa koloniyasının yaxınlığında uzanıb onları seyr etmək, hörümçək toru tapıb onu incələməklə keçib.

15 YAŞ

Erkən yaşlarından təbiətşünas olmağı qərarlaşdıran Nərmin zoologiya fənni ilə tanış olduqdan sonra heyvanlar aləminə xüsusi maraq göstərib. Nərminə tədqiqat obyekti kimi, xüsusilə, həşaratlar olduqca cəlbedici gəlməyə başlayıb.

17 YAŞ

2008-ci ildə Nərmin məqsədinə çatmaq üçün Gəncə Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr dərəcəsi üzrə təhsil almağa başlayıb. “Həşaratların qəribə həyat tərzi, davranış və ekoloji xüsusiyyətləri” mövzusunda diplom işi hazırlayıb, müdafiə edərək universiteti uğurla başa vurub.

21 YAŞ

Elmə, təhsilə və xüsusilə öz ixtisasına xüsusi maraq və sevgi ilə yanaşan Nərmin təhsilini davam etdirməyə qərar verib. O, 2012-ci ildə Gəncə Dövlət Universitində “Onurğalıların zoologiyası” ixtisası üzrə magistr təhsilinə başlayıb. Magistraturada təhsil aldığı illərdə həm də universitetin 2-3-cü kursunda təhsil alan bakalavr tələbələrinə zoologiya, heyvan ekologiyası, təkamül fənlərini tədris edib.

24 YAŞ

Əsas tədqiqat maraqları artropodlar olduğu üçün Nərmin Magistratura təhsilini tamamladıqdan sonra yenidən ixtisaslaşmaq üçün AMEA-nın Zoologiya İnstitutunda onurğasızlar bölməsində təcrübəyə başlayıb. Daha sonra isə burada kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb. AMEA-da işlədiyi müddətdə bir çox elmi layihələrdə iştirak edərək öz xəyallarını gerçəkləşdirməyə nail olub.

26 YAŞ

Nərminin heyvan davranışlarını incələməyə olan marağı bu sahədəki bilik və təcrübəsi ilə birləşincə ard-arda böyük uğurlara imza atmağı bacarıb. O, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondundan təqaüd qazanaraq Almaniyanın Qörlitz şəhərində Senkenberq Təbiət Tarixi Muzeyinin Torpaq biologiyası bölməsində tədqiqat işləri aparıb. Ardınca Macaristanın Sapienta Universitetinin əməkdaşları ilə birlikdə “Avropanın biomüxtəlifliyi” adlı layihədə çalışmağa başlayıb. Qatıldığı layihələrdə dünyaca məşhur alimlər və elm adamları ilə tanış olma və onlardan öyrənmə şansı əldə edib.

27 YAŞ

2018-ci ildə Macarıstanın Vac şəhərində keçirilən 31-ci Avropa Araxnologiya Konqresində iştirak edən Nərmin konqresin elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olub. Nərmin həmin ildə International Visegrad Fund tədqiqat təqaüdünü qazanaraq Çexiya Respublikasının Masarik Universitetində təhsil almağa başlayıb.

BUGÜN

Hazırda Çexiyada təhsilini davam etdirən Nərmin, dünyanın ən yaxşı mütəxəssislərindən birinin rəhbərliyi altında “hörümçək davranışları” sahəsi üzrə tədqiqat aparır. Nərminin karyerası ilə bağlı növbəti hədəfi ABŞ-da   PhD təhsili almaqdır. Təbiət aşiqi olan Nərmin gələcəkdə Afrika və Avstraliya kimi ölkələrdə yerləşən və yerli hökümət tərəfindən xüsusi önəm verilən heyvanlara qayğı mərkəzində çalışmaq, eyni zamanda BBC Earth və ya National Geographic Wild (NatGeo Wild) kimi nüfuzlu kampaniyalarla əməkdaşlıq etmək və bununla da bütün həyatını elmi araşdırmalar apararaq, içində yaşadığımız dünyanın sirlərini kəşf etməyə həsr etmək istəyir.