“Qadınlar STEM-də" mentorluq proqramı çərçivəsində 6 təlim keçirilib

28 November 2022

 

UNDP Azərbaycan-ın “Qadınlar STEM-də" mentorluq proqramı fəaliyyətini uğurla davam etdirir. Sentyabr ayında proqram çərçivəsində 6 müxtəlif təlim baş tutub.

İlk təlimdə uzun müddət BP şirkətində proses mühəndisi kimi çalışmış Kamran Xamməmmədov mentiləri işə qəbuldan öncə bir mühəndisin bilməli olduğu bilik və bacarıqlar haqqında məlumatlandırdı. Eyni zamanda hazırda BP şirkətində həyata keçirilən aktiv layihələr haqqında faydalı məlumatlar bölüşdü.

Marcom Marketing&Communications şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev tərəfindən tədris edilən “Rəqəmsal marketinq” təlimində mentilərimiz rəqəmsal marketinqi öz fəaliyyətlərinə necə tətbiq edəcəklərini öyrəndilər.

“Akademik yazı qaydaları” mövzusunda baş tutan təlimdə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İnqilab Şahbazov akademik yazı, məqalə strukturu və yazılma qaydası, məqalə çap etdirmək üçün jurnal seçimi, tədqiqat metodları, elmi tədqiqatın aparılması, tədqiqat nəticələrinin məqaləyə köçürülməsi ilə bağlı mentiləri məlumatlandırdı.

İnsan resursları sahəsində 15 ildən artıq təcrübəyə malik Sevinc Qarakişiyeva mentilərlə CV-nin düzgün hazırlanması, iş müsahibələrinə hazırlıq, müsahibə sonrası addımlar barədə əhəmiyyətli mövzuları müzakirə etdi.

Planlaşdırma mühəndisi kimi fəaliyyət göstərən Afaq Kərimli təlim zamanı mentilərə layihələrin planlaşdırılmasından, layihə mühəndisi və layihə menecerinin iş yükündən, izləməli olduqları prosedurlardan və bunun üçün lazım olan bilik və proqram dillərindən ətraflı bəhs etdi.

Sonuncu təlimdə isə Azerbaijani Women in Science (AWIS) təşkilatının direktoru və təsisçisi Günel Ağabəyli mentilərlə xaricdə təhsil və təqaüd imkanları, rəy və e-mail məktublarının, elmi tədqiqat formalarının yazılması haqqında məlumat verdi.

Qeyd edək ki, UNDP Azərbaycan tərəfindən həyata keçirilən “Qadınlar STEM-də” mentorluq proqramı Azerbaijani Women in Science (AWIS) təşkilatı tərəfindən idarə edilir.