"Qadınlar STEM-də” mentorluq proqramının mentoru Nigar Cəlilova və menti Leyla Mahmudovanın uğur hekayəsi

28 noyabr 2022

 

Mentor Nigar Cəlilova Azərbaycan Dövlət Neft Akademiyasında kimya mühəndisliyi üzrə bakalavr və magistr təhsili almış, 20 ildən çox neft və qaz sahəsində çalışan bir mütəxəssisdir. Hal-hazırda BP şirkətində “Əməliyyat mühəndislərinin qrup rəhbəri" vəzifəsində çalışır.

Bu proqrama qoşulma səbəblərindən bəhs edərkən Nigar xanım dövrümüzdə qadın mühəndislərə tələbatın və bu sahənin geniş təbliğ edilməsinin vacibliyini vurğulayır. Həmçinin əlavə edir ki, gənc qızlara kömək etmək və onlara özlərinə güvəndikləri təqdirdə yaxşı mühəndis ola biləcəkləri fikrini aşılamaq qızlarımız üçün bir təkandır.

Menti Leyla Mahmudova haqqında danışarkən Nigar xanım söyləyir ki, Leyla proqram ərzində gələcəkdə  akademik araşdırma və ya praktik mühəndis olaraq fəaliyyət göstərəcəyi qənaətinə gəldi. Eyni zamanda yaxşı mühəndis olmaq üçün lazım olan bilik və bacarıqlar haqqında məlumatlar əldə etdi.

Nigar xanım STEM sahəsində çalışmaq istəyən gənc qızlara səslənərək öz tövsiyələrini də bölüşür: “ STEM sahəsini seçən xanımlar, özünüzü sübut etmək üçün zamana ehtiyacınız olsa belə, ruhdan düşməyin. Həmkarlarınız arasında əks cinsin nümayəndələri sayca çox olsa da, yenə öz üzərinizdə çalışıb yaxşı mütəxəssis olmaq üçün qadın ya kişi olmağın heç bir əhəmiyyəti olmadığını isbat edin”.

Azərbaycan-Fransız Universitetinin kimya mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi olan menti Leyla Mahmudova gələcək təhsili və karyerası ilə bağlı çox sayda sualları olduğuna görə mentorluq proqrama müraciət etməyi qərara alıb.

O, proqram sayəsində öz suallarına cavab tapmış olduğunu məmnunluqla qeyd edir: “Nigar xanımla sənaye sahəsində olan işlərlə bağlı geniş müzakirələr etdik. Bu müzakirələr sayəsində nəyi indi etməliyəm, yaxın gələcək üçün hansı planlar qurmalıyam indi mənə daha aydındır”.

Proqramın fayda və potensialından danışarkən təcrübəli və peşəkar xanımları bir araya gətirib, gələcəyin iş xanımlarına onları tanımaq, onların təcrübələrindən yararlanmaq imkanı  yaratdıqları üçün proqram təşkilatçılarına öz minnətdarlığını bildirən Leyla bu proqramın bir parçası olduğu üçün özünü şanslı hesab edir.

Həmyaşıdlarını da bu proqrama qoşulmağa çağıran Leyla: “Potensialınıza bələdsinizsə bacara bilərsiniz, irəliləməyə davam edin”-deyir.

Dünyada STEM sahəsi üzrə təhsil alanların 35%-i, bu sahədə araşdırma aparanların isə 30%-i qızların payına düşür.

Azərbaycanda bu göstərici nisbətən ürəkaçandır. Ortalama 45% olan bu göstəricinin təqdim etdiyimiz uğur hekayələrindən sonra artan şkala üzrə dəyişəcəyinə inanırıq.