Uşağını və həyatını geri alan qadın: "Həyat gözəldir və yaşamağa dəyər!"

5 May 2023
 
Nargin Quliyeva (ad şərti verilib) 21 yaşında ailə qurarkən hər bir gənc qız kimi sevdiyi adama qovuşarsa, xoşbəxt və daha gözəl gələcəyi olacağına inanır.
Böyük ümidlərlə başladığı ailə həyatı on üç il çəkir.
Qaynanası və baldızının təsirinə düşən həyat yoldaşının Narginə olan münasibəti vaxt keçdikcə tamamilə dəyişir. O, Narginə fiziki zorakılıq tətbiq etməyə başlayır. Həyat yoldaşı, qaynanası və baldızından davamlı olaraq təzyiq və şiddət görən qadını daha bir sınaq gözləyir. Bu dəfə o 3 övladı ilə təhdid olunur. Uşaqlarını görə bilməyən Nargin evdən də qovulur. O, bütün bunların ağırlığı altında əzilərək həyata küsür.
Çətin dövrlərdə işığı görmək çətin olsa da, o mütləq öz yolunu bizə tərəf salmağı bacarır. Narginin işığı Qadın Resurs Mərkəzi olur. O, getdiyi tədbirlərdən birində Mərkəzin koordinatoru Gülşən Qasımova ilə tanış olur. Narginin problemi olduğunu hiss edən koordinator ona psixoloji xidmətlərdən istifadə etməyi məsləhət görür. Keçirdiyi ağır sarsıntılarla tək başına bacarmayacağını anlayan qadın əvvəl tərəddüd etsə də, seanslara gəlməyə qərar verir.
“Psixoloqla görüşdüm. Ona həyatımı danışdım. Onun ilk dediyi şey həyatın bitmədiyi və övladlarım üçün mübarizə apara biləcəyim oldu.”
Lakin seanslara yeni gəlməyə başlayan qadını yeni zərbə gözləyir. Üçüncü övladını da əlindən alınması qorxusunu yaşayan Nargin həyatına son qoymaq həddinə çatır. Onu həyata qaytaran isə QRM koordinatoru və psixoloqunun gecə yarısı onunla etdiyi söhbətlər olur. Övladlarına qovuşa biləcəyini və bunun üçün ona hüquqi xidmətlərin təqdim olunacağını öyrənən qadın bu dəfə qərarlılığını ortaya qoyur.
O, ümid edir və öz üzərində işləyir.
Mərkəzin təşkil etdiyi karyera inkişafı təlimlərinə qoşulan qadın işə qəbul prosesinin bütün sirlərinə yiyələnir və ilk peşəkar CV-sini hazırlayır. Bununla bərabər o, həm də təməl kompüter bilikləri üzrə peşə kurslarına qatılır. Peşəkar həyata başlamağa hazır olan Nargin ilk addımını atır və tezliklə işə qəbul olunur.
“Bu Mərkəzdən çox şey əldə etdim. Öz ayaqlarımın üzərində durmağı öyrəndim. Burada gördüm ki, qadınlarımız bir çox çətinliklərlə üzləşsələr də, Mərkəz sayəsində özlərini tapırlar, həyata baxışları dəyişir. Həyat gözəldir və yaşamağa dəyər.”
***
Qeyd edək ki, ÖDƏNİŞSİZ psixoloji xidmət BMTİP və AQUPDK-nın Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində təqdim olunur.