Xəyallarını reallaşdıran qızlar

June 13, 2022

Fidan Tofidi “Women in STEM” layihəsinin mentorudur.

O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini tamamladıqdan sonra uzun müddət müxtəlif media qurumlarında, Azercell Telecom kimi nüfuzlu şirkətlərdə çalışıb.

Bir neçə ildir ki, PAŞA Bankın Korporativ tərəfdaşlar ilə münasibətlər şöbəsinə rəhbərlik edir.

“Women in STEM” layihəsinə illər ərzində qazandığı bilik və təcrübəsini gənc xanımlarla bölüşüb, onların şəxsi inkişafına töhfə vermək, çıxdıqları yolda onlara yoldaş olmaq məqsədilə qoşulduğunu deyən Fidan xanım, layihədə iştirak etməyin onun özü üçün də çox faydalı olduğunu bildirir. Bu layihə sayəsində bilik və bacarıqları paylaşmağın nə dərəcədə əhəmiyyətli və faydalı olduğunun bir daha şahidi olduğunu dilə gətirir.

Menti Safiyyə xanımla uğurlu çalışmalarından, xoş münasibətlərindən həyəcanla bəhs edərkən Fidan xanım: “Safiyyə bu müddət ərzində ideyanın üzərində çalışarkən onu işlək prototipə necə çevirəcəyini, məhsul və ya xidmətin dəyər yaratması üçün nə etmək lazım olduğunu, ideyanı biznes plana çevirməyi öyrəndi və öz layihəsi üzərində uğurla tətbiq etdi”, - deyə  qürurla qeyd edir.

Fidan xanım: “Bu proqram cəmiyyətin sosial tərəqqisi, təşəbbüskarlıq mühitinin formalaşdırılması və inkişafını sürətləndirir, müsbət meylləri gücləndirir”, - deyərək layihənin cəmiyyət üçün fayda və əhəmiyyətindən bəhs edir.

“Qadınlar Azərbaycanın bu günü və sabahıdır” sözləri ilə qadınların gücünə olan inamını dilə gətirən mentor Fidan xanım gənc stemçiləri “Women in STEM” mentorluq proqramına qoşulmağa səsləyir: “Stereotipləri kənara qoyun, qarşınızda yeni üfüqlər açın!”

Menti 18 yaşlı Safiyyə Babazadə 2-ci kurs tələbəsidir.

15 yaşından artıq müxtəlif sosial kampaniyalarda, könüllülük layihələrində iştirak edən Safiyyə hazırda Yoochamp rəqəmsal platformasında layihə meneceri olaraq çalışır.

Sosial şəbəkədə qarşılaşdığı “Women in STEM” mentorluq proqramı ilə bağlı elana böyük həvəslə müraciət edən Safiyyə: “Mentorloq proqramına qoşulmaqda məqsədim təcrübəli mentorlardan alacağım tövsiyələr və qazanacağım yeni bacarıqlarla üzərində işlədiyim layihələri daha da təkmilləşdirmək idi”, - deyir.

O, Mentorluq proqramı ərzində təcrübəli mentorunun köməyi ilə həyata keçirdiyi və planladığı layihələrlə bağlı ideya və fikirlərinin təkmilləşdiyini, çətinlik çəkdiyi məqamları mentorunun dəstəyi ilə həll etdiyini bildirir.  

Fidan xanımla çalışmağın ona bir işə fokuslana bilmə, sistemli çalışma, nəticəyə yönəlmə bacarıqları qazandırdığını dilə gətirir.

“Mentorluq proqramı mənim təhsil həyatıma da təsirsiz ötüşmədi”-deyən Safiyyə bu proqrama qoşulduqdan sonra startaplarda idarəçilik və innovasiya sahəsində daha genişmiqyaslı araşdırmalar etməyə başladığını deyir. Bu araşdırmaların onun təhsil həyatına da öz töhfəsini verdiyini, nailiyyətlərinə açar olduğunu qeyd edir.

Gənc menti STEM sahəsində özünüzü inkişaf etdirmək, yeni biliklərə yiyələnmənin yollarını axtaran xanımlara “Women in STEM” mentorluq proqramına qoşulmağı tövsiyə edir:

Gəlin xəyallarımızı reallaşdırmağa indidən səy göstərək!