“Cəsarətli olun, hər sahə sizin üçün əlçatandır!"

June 13, 2022

 

Mentor Könül Əliyeva və menti Səbinə Məmmədova

Mentor Könül Əliyeva xarici nüfuzlu universitetlərdən birində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. Beynəlxalq təşkilatlarda 10 ildən artıq iş təcrübəsinə sahib olan Könül xanım fəaliyyəti boyu gənclərlə işləməyə, onların şəxsi və peşəkar inkişaflarına dəstək olmağa xüsusi diqqət ayırıb.

Könül xanım təcrübələrinə əsaslanaraq qeyd edir ki, elm və texnologiya sürətlə inkişaf etsə də, informasiya bol olsa da, bunlardan düzgün istifadə etmək üçün bilik və bacarıqlarımızı doğru istiqamətləndirməyə kömək edəcək mentor dəstəyi əhəmiyyətlidir. Bu dəstək gənclərə məqsədlərinə daha sürətlə çatmağa kömək edir. Elə buna görə də, Könül xanım layihəmizdə mentor olaraq iştirak etməyə qərar verib.

Menteelərimiz fərqli sahələrdəndir. Onların suallarını cavablandıra bilmək, onlara dəstək ola bilmək məni daim axtarışda saxlayır, fərqli sahələri araşdırmağa təşviq edir. -deyən Könül xanım, layihənin ona mentor kimi təcrübə və bacarıqlarını daha da inkişaf etdirməyə imkan yaratdığını xüsusi vurğulayır.

Mentorumuz “Cəsarətli olun, hər sahə sizin üçün əlçatandır!" deyərək gənc xanımları xəyallarının və məqsədlərinin arxasınca getməyə səsləyir.

Mentee Səbinə Məmmədova Bakı Dövlət Universitetində biologiya müəllimliyi ixtisası üzrə bakalavr təhsilini tamamladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiya fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Hazırda Avropa Azərbaycan Məktəbində IB MYP Science müəllimi,” məktəbin STEAM mərkəzində” dəstəkləyici müəllim, Science” kafedrasında laborant kimi fəaliyyət göstərir.

Women in STEM” mentorluq proqramı sayəsində STEM sahəsindəki fəaliyyətim, bu sahədə ünsiyyətdə olduğum insanların sayı artıb. Mentorlarımın dəstəyi isə mənim özümə inamımın artmasında ciddi rol oynayıb.-deyən Səbinə bu layihədə iştirakını karyerası üçün ən vacib addımlardan biri kimi qiymətləndirir.

2021-ci ildən mentorluq proqramına qoşulan Səbinə məhz bu ildə:

Microsoft İnnovativ Təhsil (MİT) Eksperti (2021-2022) adına layiq görülüb;

YUNESKO-nun Qlobal Məktəblər Proqramına  Qlobal Məktəblər Vəkili kimi seçilərək, 75-dən çox ölkədən 330 nəfər nümayəndənin iştirak etdiyi bu layihədə ölkəmizi təmsil edir;

EU4Youth Alumni Network-də fəaliyət göstərir;

Theirworld təşkilatı tərəfindən Global Youth Ambassador kimi seçilib.

“Təsadüfi deyil ki, bu və sadalamadığım digər nailiyyətlərimin hər birini 2021-ci ildə, mentorluq proqramına qoşulduqdan sonra əldə etmişəm.- deyən Səbinə Məmmədova bu uğurlarında “Women in STEM” mentorluq proqramının rolunu xüsusi qeyd edir.

“STEM-i daim öyrənməkdə, inkişaf etməkdə qərarlı olun! Bu işin peşəkarları ilə ünsiyyətdə olun, onlardan öyrənmək məqsədinizə daha tez çatmağa kömək edəcək!” deyən Səbinə gənc xanımları layihəyə qoşulmağa səsləyir.