“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin açılış tədbirində BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakasettinin çıxışı

16 February 2021

Hörmətli nazir,

Hörmətli Aİ (Avropa İttifaqı) səfiri,

Hörmətli tərəfdaşlar və dostlar,

Xanımlar və cənablar,

Bu gün, Azərbaycanda peşə təhsili müəssisələrinin daha da müasirləşdirilməsinə yardım edəcək mühüm bir layihənin başlanması münasibətilə burada olmaqdan məmnunam.

Təhsilin keyfiyyətini artırmaq üçün daimi məsuliyyətinə və maliyyə dəstəyinə görə Aİ tərəfdaşlarımıza təşəkkür etməklə başlamaq istəyirəm.

Azərbaycanda gənc qadın və kişilərin gələcəkdəki işlərə daha yaxşı hazırlaşmasını təmin etmək üçün göstərdiyi uzaqgörənlik və səylərinə görə Təhsil Nazirliyinə də təşəkkür etmək istəyirəm.

Bu gün təqdim etdiyimiz dörd illik layihə, peşə təhsili müəssisələrinin modernləşdirilməsində hökumətə dəstək olacaqdır.

5,6 milyon avroluq maliyyə təminatı ilə bu layihə müasir əmək bazarının mövcud ehtiyaclarına uyğun peşə təhsilli kadrların hazırlığını dəstəkləyəcək.

Bu layihənin məqsədləri ölkənin səmərəli və innovativ qeyri-neft sektoru da daxil olmaqla daha çoxşaxəli iqtisadi quruluşa keçmək hədəfinə çox uyğundur.

Ənənəvi sənayeləri qoruyaraq yeni sahələrin böyüməsi çoxşaxəli iqtisadiyyatın gələcəyinin açarıdır.

Bu gün bacarıqlı və səriştəli işçi qüvvəsinin olması bu hədəfə çatmaq üçün hər zamankından daha vacibdir.

Rəqəmsal iqtisadiyyatın inkişafı ilə əmək bazarımız sürətlə dəyişməkdədir.

Son araşdırmalar, gələcəkdə hər 10 işdən 6-sının peşə təhsili ixtisasını tələb edəcəyini göstərir.

Peşə təhsili, inkişaf etməkdə olan sənayemizin, xüsusilə, gənclər arasında işsizliyin artması ilə gələcəkdə ola biləcək dəyişikliklərdən təsirlənməməsində əsas rol oynayır.

Bu təşəbbüs sayəsində, peşə təhsili haqqında olan mühakimələri dəyişmək, təhsil təminatında bazara əsaslanan və gələcək yönümlü dəyişikliklər təmin etmək məqsədilə bütün əsas maraqlı tərəfləri bir araya gətirmək üçün dayanıqlı platforma formalaşdıracağıq.

Keyfiyyətli təhsilin təmin edilməsi Azərbaycan gəncliyini gələcək işlər üçün hazırlayacaq və hər kəs üçün keyfiyyətli təhsil imkanları yaradaraq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa  töhfə verəcəkdir.

Son dörd ildə birlikdə işləyərək İT və proqramlaşdırma, mebel istehsalı və moda dizaynı kimi sahələrdə 12 yeni tədris proqramı, 54 tədris modulu və 10 qısa kurs hazırlamağa kömək etdik.

Cəlilabad və Gəncədə 460-dan çox tələbə praktiki təlim keçib.

Peşə məktəblərində avadanlıq və infrastruktur modernləşdirilib.

180 müəllimin təlim ehtiyaclarını planladıq, həm rəhbərlik, həm də müəllim heyəti üçün təlim və tədrisdə didaktik və pedaqoji veb seminarlar daxil olmaqla peşəkar inkişaf proqramı təşkil etdik.

Azərbaycandan olan peşə təhsili üzrə tədris aparan müəllimlər həmkarları ilə ən yaxşı təcrübələri öyrənmək və mübadilə etmək üçün Almaniya və Estoniyaya işgüzar səfərlər edib.

Ümumilikdə, 742 yeni alət, dəzgah və digər əməliyyat avadanlığı ilə tam təchiz olunmuş Cəlilabadda Peşə Təhsili üzrə Kompetensiya Mərkəzinin yaradılmasına kömək etdik. Layihə, Gəncədə böyük əməliyyat maşınları və əl alətləri daxil olmaqla 3755 yeni avadanlıq alınmasına dəstək verdi.

Həmçinin yerli müəssisələri tekstil, mədənçilik və mebel istehsalatının təlim prosesinə cəlb edərək məzunların bacarıqlarını və iş qabiliyyətlərini artırmağa kömək etdik. Bu özəl müəssisələr gələcək məzunlar üçün ilkin təcrübə imkanları yaradır və məzun olduqdan dərhal sonra onlara iş təklif edirlər.

Peşə təhsili mərkəzlərinə gəlir gətirmə fəaliyyətləri üçün iş planları hazırlamağa kömək etdik.

Peşə təhsili imicini yeniləmək üçün ictimaiyyətin məlumatlılığını artırmaqla yanaşı, informal və qeyri-formal təhsilin tanınması və validasiyası üçün yeni mexanizmlər tətbiq etdik. İlk yeni imtahanlar keçən il uğurla keçirildi.

Xüsusi olaraq qürur duyduğum uğurlardan biri də peşə təhsili müəssisələrində qadın tələbə sayının 2018/2019-cu tədris ilində 1.82%-dən 2019/2020-ci tədris ilində 10.6% -ə yüksəlməsidir. Bu tendensiyanın davam edəcəyinə ümid edir və inanıram.

COVID-19 dövründə isə kursların keçirilmə üslubunu tez bir zamanda dəyişə bildik. Peşə təhsili və təlimi (PTT) kursları sürətlə daima tətbiq edilən üzbəüz tədrisdən televiziya dərslərinə və rəqəmsal təlimə keçdi.

Karyera planlaşdırması, fərdi inkişaf planları, iş axtarma texnikaları və müsahibə hazırlığı kimi mövzuları əhatə edən onlayn proqramımızda təxminən 150 tələbə iştirak etdi.

100 video dərs hazırlanıb və dərslər, yeni bacarıqlar qazanmaq istəyən bütün insanlar üçün onlayn olaraq əlçatandır.

Bu yeni layihə ilə ölkədəki 7 peşə təhsili mərkəzində 3000-dən çox tələbə birbaşa müəssisələrinin modernləşdirilməsindən faydalanacaq.

Tərəfdaşlığımız sayəsində bu mühüm dəyişikliklərin reallaşdığına görə çox xoşbəxtəm və gələcəkdə daha çoxunu görmək üçün səbirsizliklə gözləyirəm.

Təşəkkürlər.