Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir

22 October 2021

Photo: UNDP Azerbaijan / Zaur Zeynalov

Bakı, 22 oktyabr 2021-ci il –  Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) peşə təhsilinin təşviq edilməsi istiqamətindəki təşəbbüslərini davam etdirir.

Bu məqsədlə, Aİ-nin maliyyələşdirdiyi "Gələcək üçün Peşə Təhsili" layihəsinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Bakı Ekspo Mərkəzində keçirilən 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak edir.

Peşə təhsil müəssisələrin sözügedən sərgidə iştirakı Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Sözügedən peşə təhsil mərkəzləri tikinti və inşaat ilə əlaqəli sahələrdə öz cari resursları haqda iştirakçılara məlumat verir, özəl sektor şirkətləri ilə B2B görüşlərdə iştirak edir, eləcə də bazarın mövcud tələbələri haqqında daha çox məlumat əldə etmək və müxtəlif qurumlarla əməkdaşlıq qurmaq imkanı əldə edirlər. Qeyd edək ki, PTDA-nın direktoru Valeh Mirzəalıyev sərgini ziyarət edərək peşə təhsilinin təbliği istiqamətindəki əməkdaşlıqlar haqda məlumat verib.

Sərgidə Çexiya, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla 11 ölkədən memarlıq və dizayn, inşaat avadanlıqları və texnologiyaları kimi müxtəlif sahələrdə 150-yə qədər yerli və beynəlxalq şirkət iştirak edir. Sərgi bugünün sonuna qədər davam edəcək.

Layihə, bu sərginin davamı olaraq, gələcək tərəfdaşlıq imkanları haqqında müzakirələr aparılması məqsədilə tədbirdə iştirak edən müvafiq şirkətlər üçün "açıq qapı" günləri və dəyirmi masalar keçirməyi planlaşdırır.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri –gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.