Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsilinin gənclər arasında təşviqi məqsədilə kampaniyaya start verib

17 August 2021

Photo: UNDP Azerbaijan

Bakı, 17 avqust 2021-ci il –  Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) gənclər arasında peşə təhsilinin təşviqi məqsədilə kampaniyaya başlanılıb.

Kampaniya çərçivəsində Bakıda yerləşən avtobus dayanacaqlarında, eləcə də digər məkanlarda hazırda uğurlu karyera sahibi olan peşə təhsil müəssisələri məzunlarının müvafiq posterləri yerləşdirilib.

Kampaniya oktyabr ayına qədər davam edəcək. Kampaniya çərçivəsində peşə təhsili istiqamətində təhsil almaq və uğurlu karyeraya sahib olmağın yolları barəsində davamlı məlumat veriləcək.

Qeyd edək ki, peşə təhsil müəssisələrinə qəbul 20 avqust tarixinə qədər portal.edu.az saytı vasitəsilə onlayn formada davam edəcək.

Xatırladaq ki, təşəbbüs, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.