Aİ, BMTİP və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın liderlərin qərar qəbuletmə prosesində iştirakını dəstəkləmək məqsədilə “Gender əsaslı Bələdiyyə Akademiyasının”

22 November 2019

Foto: Şubay Əmiraslan

Bakı, 22 noyabr 2019-cu il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bu gün “Gender əsaslı Bələdiyyə Akademiyasının” Bakıda açılışını etdilər. Bu akademiya qadınlar üçün yerli idarəetmə, liderlik və seçkilərdə müşahidəni öyrənmək və bu sahələr üzrə bilik və bacarıqlara yiyələnmək üçün qeyri-formal təhsil platformasıdır.

Akademiyanın əsas məqsədi – qarşıdan gələn 2019 bələdiyyə seçkilərinə müraciət edən qadınların sayını artırmaq və bunu onlara lazımi  bilikləri və təlimləri təqdim etmək vasitəsilə etməkdir.

Akademiyanın açılışını Müşavir-elçi / Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri xanım Simona Qatti, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin müavini xanım Çaru Bist və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova etdi.

Akademiya, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin bir hissəsi olaraq yaradılmışdır. Adıçəkilən layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş bir layihə çərçivəsində həyata keçirilir.

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi 12-aylıq layihənin əsas məqsədi - qadınların qərar qəbuletmə prosesində iştirakının təşviqinə dəstək olmaqdır. Layihə artıq bir sıra davamlı fəaliyyətlər həyata keçirmişdir ki, bunlara qadın müşahidəçilərin yerli seçkilərdə müşahidə bacarıqlarının artırılması, effektiv seçki kampaniyasının keçirilməsi və yerli idarəetmədə qadınların geniş iştirakını ictimailəşdirmə təlimləri daxildir.

Bu layihə, 17 Dayanıqlı İnkişaf Məqsədinə, xüsusilə də 5-ci Dayanıqlı İnkişaf Məqsədi – Gender Bərabərliyinə tövhə verir və bu da öz növbəsində qadınların siyasi, iqtisadi və ictimai həyatın bütün səviyyələrində liderliyi və tam və effektiv iştirakını təmin edir.

Əlaqə üçün məlumat:

1.      Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – dilara.umudova@undp.org

2.      Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 28 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.