Cənab Brukun kiber-təhlükəsizlik üzrə Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransındakı nitqi

21 oktyabr 2013

image BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsi cənab Antonius Bruk BMT Təhlükəsizlik Şurası Model Konfransında nitq söyləyərkən

Hörmətli Nazirlər, Zati-aliləri, BMT-nin Gənclər üzrə Xüsusi Təmsilçisi, möhtərəm qonaqlar, gənc nümayəndələr, mətbuatın dostları,

Sizi, ilk dəfə olaraq Azərbaycanda BMT Təhlükəsizlik Şurasının 15 daimi və müvəqqəti üzv ölkəsindən gəncləri bir araya gətirən Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransında salamlayıram.

Bu konfransın ideyası BMT İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında gəncliyin inkişafı və səlahiyyətinin artırılmasına birgə  töhfə verilməsi barədə dialoq zamanı yaranmışdır. Biz, BMT Model Konfransını gənclərin malik olduğu ən yaxşı xüsusiyyətlərin: dünyaya baxış, yaradıcı potensial and yaşadığımız dünyanı əhəmiyyətli dərəcədə dəyişmək istəyinin inkişaf etdirilməsində mükəmməl bir vasitə hesab edirik.

20 il sonra dünyanın necə olacağı bu gün verdiyimiz qərarlardan çox asılıdır. Bir ildən çoxdur ki, BMT ''Görmək İstədiyimiz Gələcək'' adlı 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi ilə əlaqədar qlobal, regional və lokal səviyyələrdə məsləhətləşmələr aparır. Bu, Davamlı İnkişaf Məqsədlərinin müəyyənləşdirilməsi və yaşadığımız dünyanı bizim üçün və gələcək nəsillər üçün əhatəli, dinc və dayanıqlı edəcək strategiyaların formlaşdırılmasına həsr edilib. Gənclər hədəf qrupu və qəbul edilmiş qərarın əhəmiyyətli hissəsi olaraq  bu məsləhətləşmələrin ayrılmaz hissəsi olublar. BMT gənclərin cəlb olunmasını əhəmiyyətli hesab edir, çünki məhz onlar gələcəyin qərar qəbul edən və qərarlarının  milyonlarla insan üzərində təsiri olan şəxsləri, gələcək Parlament Üzvü, Baş Nazir, Səfir, BMT Baş Məclisinin  Prezidenti olacaq.

Hər gün BMT heyəti ehtiyacı olanlara yardım göstərmək, ətraf mühiti müdafiə etmək və sülhü qorumaq üçün çalışır. Hər gün diplomatlar böhranın aradan qaldırılması və mürəkkəb dünyamızı idarə edərən beynəlxalq qanunların təkmilləşdirilməsi üçün fəaliyyət göstərir. Bu konfransda qazanacağınız təcrübə sizə beynəlxalq münasibətlər və inkişaf problemlərinin mürəkkəbliyi, insanların səsini dinləməyin, müxtəlif tərəflər arasında danışıqlar, razılığa gəlmənin çətinlikləri və prosesdə qələbə qazanmaq üçün tələb olunan səbr barədə tam təsəvvür yaradacaq. Bütün bunlar son 30 ildə mənim həyatıma çevrilib.

Ümidvaram ki, qarşıdan gələn dörd gün hamınız üçün unudulmaz təcrübə olacaq və Bakı konfransının xatirələri uzun müddət yaddaşınızdan silinməyəcək. Mən sizin hər birinizi bir-birinizi dinləməyə, birgə işləməyə , ''böhranın'' həll edilməsi üçün əlinizdən gələni etməyə və BMT Model Konfransında qazanacağınız bilik və bacarıqları BMT-nin məqsəd, prinsip və dəyərlərini ucaltmaq üçün istifadə etməyə səsləyirəm.

Nitqimi bu tədbirin ərsəyə gəlməsində rolu olanlara - Azərbaycan Hökumətinə, xüsusilə Gənclər və İdman Naziri cənab Azad Rəhimova və BMT-nin Gənclər üzrə Xüsusi Təmsilçisi cənab Alhendaviyə və BMT-nin İctimai İnformasiya Departamentindən olan həmkarlarıma təşəkkür etməklə yekunlaşdırmaq istərdim.

Təşəkkür edirəm!