BMT Təhlükəsizlik Şurası Model Konfransının rəsmi açılış mərasimi keçirilmişdir

21 oktyabr 2013

image BMT Təhlükəsizlik Şurası Modelinin rəsmi açılış mərasimi, Bakı, Azərbaycan

Bugün Bakıda təşkil edilən BMT Təhlükəsizlik Şurası Model Konfransının rəsmi açılış mərasimi keçirilmişdir. Mərasim konfrans iştirakçılarının Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarəti ilə başlamış, sonradan “Four Season” otelində davam etdirilmişdir.

Tədbirin açılışı BMT-nin Baş Katibi Pan Gi-munun konfrans iştirakçılarına video müraciəti ilə başlamışdır. Öz çıxışında Baş Katib Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyini təbrik etmiş və kiber-təhlükəsizlik məsələlərinə bu cür diqqət ayrıldığını təqdirəlayiq hesab etmişdir. “BMT-nin bu model konfransı sizin kiber cinayətlərlə mübarizə üzrə beynəlxalq standartların təkmilləşdirilməsində real tələblər barədə maariflənmənizə töhfə verəcəkdir. Mən əminəm ki, siz Bakını qloballaşan dünyada BMT-nin rolunu daha yaxşı dərk edərək böyük minnətdarlıq hissi ilə tərk edəcəksiniz” – BMT-nin Baş Katibi video müraciətində bildirmişdir. 

Daha sonra iştirakçıları salamlayan Gənclər və İdman Naziri cənab Azad Rəhimov Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti haqqında iştirakçılara məlumat vermişdir. Cənab Rəhimov BMT ilə bu istiqamətdə gələcək əməkdaşlığın davam etdirilməsini xüsusi vurğulamışdır.

Konfrans iştirakçılarını salamlayan BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Antonius Bruk model konfransın gənclərin malik olduğu ən yaxşı xüsusiyyətlərini: dünyagörüş, yaradıcılıq qabiliyyətləri and dünyanı əhəmiyyətli dərəcədə dəyişmək istəklərinin inkişafında mükəmməl bir vasitə hesab etdiyini vurğulamışdır. “Bu konfransda qazanacağınız təcrübə sizə beynəlxalq münasibətlər və inkişaf problemlərinin mürəkkəbliyi, insanların səsini dinləmək, müxtəlif tərəflər arasında danışıqlar, anlaşma prosesindəki çətinliklər və uğur qazanmaq üçün tələb olunan səbr barədə tam təsəvvür yaradacaq. Bütün bunlar son 30 ildə mənim həyatımın bir hissəsinə çevrilmişdir”. – cənab Bruk bildirmişdir. 

BMT Baş Katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndavi açılış mərasimində çıxış edərək iştirakçıları kiber-təhlükəsizlik mövzusu üzrə BMT Təhlükəsizlik Şurası Model Konfransında salamlamaqdan şərəf və qürur duyduğunu vurğulamışdır. Əhməd Əlhəndavi BMT Baş Katibinin Gənclər üzrə ilk Elçisi olaraq vəzifəyə təyin olunduğu gündən gənclər məsələləri üzrə qlobal elçilik etməklə yanaşı bütün dünyadakı gənclərin problemlərini həll etmək üçün çalışdığını öz çıxışında bildirmişdir.

Xatırladaq ki, 21-25 oktyabr tarixlərində keçirilən ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı “Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı” üzrə birgə layihəyə əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil edilmişdir. Dörd günlük konfrans Azərbaycan da daxil olmaqla, hazırda Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 tələbə və məzunları bir araya gətirəcək. Konfrans iştirakçıları qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə hazırlanmış iki günlük konfrans öncəsi təlim seminarında iştirak edəcəklər. Daha sonra onlar Azərbaycan Diplomatik Akademiyada təşkil olunacaq kiber-təhlükəsizlik mövzusu üzrə BMT TŞ-nın simulyasiya sessiyasına qatılacaqlar.

 

Əlavə Məlumat üçün

Ruslan İsmayıl-zadə, Media və İctimai Əlaqələr Şöbəsi , ruslan.ismayilzada@undp.org